Xəbər verdiyimiz kimi, Avropa İttifaqı, ABŞ, Fransa, Almaniya, Kanada, İtaliya və Böyük Britaniya sanksiyalar tətbiq edilən Rusiya banklarının SWIFT-dən çıxarılması barədə razılığa gəliblər.
Bir çox iqtisadçılar bu addımın ən ağır iqtisadi sanksiya növlərindən biri olduğu mövzusunda həmfikirdirlər.
Bəs, “SWIFT” nədir? “SWIFT”dən kənarlaşdırılan ölkələr nə ilə qarşı-qarşıya qalırlar?
Bu sualları Bizim.Media üçün cavablandıran iqtisadçı ekspert Elman Sadıqov ilk növbədə “SWIFT”in nə demək olduğunu izah edib:
“SWIFT” Ümumdünya Banklararası Maliyyə və Telekommunikasiya Cəmiyyətidir. Yəni, bu cəmiyyət bütün dünya bankları arasında maliyyə əməliyyatlarının həyata keçirilməsi üçün bir əlaqə vasitəsidir.
MÖVZU İLƏ BAĞLI:
Qərb razılaşdı: Rusiya bankları SWIFT-dən ayrılacaq
Burada ilk növbədə idxal-ixracla bağlı olan pul transfertləri nəzərdə tutulur. Hər hansı bir ölkənin idxal və ixracla məşğul olan sahibkarları xaricə vəsait köçürmə və xaricdən vəsait cəlb etmək üçün banklara müraiət edirlər. Banklar isə həmin əməliyyatları “SWIFT” vasitəsilə həyata keçirirlər.
İkincisi, dövlətlərarası və ya banklararası hesablaşmalar, yaxud da hesabdan-hesaba pul köçürmələri.
Üçüncüsü akkreditivlərin açılması. Yəni mal və məhsulların idxalı və ixracı üçün akkreditivlər açılır və onlar məhz “SWIFT” vasitəsilə həyata keçirilir.
Dördünücüsü, banklar arasında beynəlxalq qarantiyaların verilməsi də bu sistem vasitəsilə həyata keçirilir”.
Ekspertin sözlərinə görə, sözügedən sanksiyanın tətbiqi həmin bankın iflic olması deməkdir:
“Göründüyü kimi, dünyada banklar arasındakı bütün maliyyə əməliyyatlarının“SWIFT” olmadan həyata keçirilməsi müasir dövrdə, demək olar ki, mümkünsüzdür. “SWIFT”dən çıxarılmaq bankın xarici banklarla maliyyə əməliyyatları aparmasının kəsilməsi deməkdir. Bu ümumilikdə, həmin bankın iflic olması deməkdir. Nəticə etibarilə, həmin bankın müştəriləri də öz vəsaitlərini xarici ölkələrə köçürə və mal idxal edə, yaxud da ixrac etdikləri məhsulların vəsaitlərini əldə edə bilmirlər”.
Elman Sadıqov “SWIFT”i əvəz edəcək hər hansı alternativin olmadığını da diqqətə çatdırıb:
“Ümumilikdə götürsək, Azərbaycanda və dünyada bütün banklar “SWIFT” sistemindədir. Şimali Koreya və İran kimi ölkələrdə bəzi bankların bu sistemdə olmaması isə nəticə etibarılə onların lokal banklara çevrilməsinə gətirib çıxarır.
“SWIFT” sistemini əvəz edəcək hər hansı sistem yoxdur. Əlbəttə, hər hansı ölkə öz banklarını əlaqələndirmək üçün daxili sistem qura bilər və bu təcrübə bir çox ölkələrdə var. Lakin bu yalnız daxili sistem olacaq və yerli valyutada olan əməliyyatları tənzimləyəcək”.
Murad Əhmədov, Bizim.Media