Anti-Azərbaycan narrativləri fonunda sözlə deyil, əməllə sübuta yetirilən MÖVQE

Anti-Azərbaycan narrativləri fonunda sözlə deyil, əməllə sübuta yetirilən MÖVQE

Hazırda oxunan: Anti-Azərbaycan narrativləri fonunda sözlə deyil, əməllə sübuta yetirilən MÖVQE

603486

Yaxın Şərqdə baş verən son hadisələr region dövlətlərini seçim qarşısında qoydu. Bu vəziyyət region ölkələrinin İranla münasibətlərində özünü xüsusilə büruzə verdi. İranın ağır zərbələr aldığı bir mərhələdə Azərbaycan yalnız operativ humanitar reaksiyası ilə deyil, paralel şəkildə nümayiş etdirdiyi siyasi davranış modeli ilə də fərqləndi. Bu model həm real yardımı, diplomatik addımları özündə birləşdirir.

Azərbaycandan İrana uzanan yardım əli

Mart 10-dan etibarən Azərbaycan İrana ardıcıl humanitar yardım karvanları göndərməyə başladı. Ərzaq məhsulları, dərmanlar və tibbi ləvazimatlardan ibarət yüklər qısa müddətdə çatdırıldı, daha sonra isə həcmi tonlarla ölçülən ikinci humanitar yardım partiyası yola salındı. Novruz ərəfəsində yardımlara bayram sovqatlarının əlavə olunması isə münasibətlərin yalnız rəsmi deyil, mədəni müstəvidə də qorunduğunu göstərdi.


Dövlətimizin başçısından diplomatik mədəniyyət nümunəsi

Humanitar addımlarla yanaşı, Azərbaycanın siyasi rəhbərliyi də diqqətçəkən diplomatik jestlər etdi. Martın 1-də, Ayətullah Əli Xamaneinin vəfatı rəsmən elan olunduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana məktub ünvanlayaraq başsağlığı verdi.

Martın 4-də isə Dövlətimizin başçısı İran İslam Respublikasının ölkəmizdəki səfirliyini ziyarət edib, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verdi.


Martın 9-da Prezident İlham Əliyev İranın yeni seçilən Ali Rəhbəri Müctəba Xameneiyə təbrik məktubu ünvanladı. Dövlətimizin başçısı məktubda ölkələrimiz arasında mehriban qonşuluq və dostluq münasibətlərini də xüsusi vurğuladı.

Bu addımlar böhran anında nümayiş etdirilən şəxsi və siyasi diqqətin göstəricisi kimi qiymətləndirilə bilər. Üstəlik, sözügedən diplomatik mesajlar Bakının situasiyaya sistemli yanaşdığını və siyasi kommunikasiya xəttini qoruduğunu göstərir.

Azərbaycan İrana humanitar yardımlarda regional mərkəz rolunda

Eyni zamanda Bakı öz ərazisini üçüncü ölkələrin yardımı üçün açaraq faktiki olaraq regional humanitar hab rolunu üzərinə götürdü. Bu qərar Azərbaycanı təkcə yardım edən deyil, həm də yardımın çatdırılmasını təmin edən əsas logistika mərkəzinə çevirdi. Bu faktı İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu da etiraf edib. O, bir sıra ölkələrin artıq Bakıdan yardım çatdırılması üçün Azərbaycan ərazisindən istifadə etmək istədiyini qeyd edib.


İranın hava məkanının riskli zonaya çevrildiyi şəraitdə Azərbaycanın təklif etdiyi quru dəhlizi xüsusi əhəmiyyət qazandı. Rusiyanın humanitar yüklərinin ölkəmiz üzərindən daşınması və digər ölkələrin də bu marşruta maraq göstərməsi Azərbaycanın geostrateji mövqeyini daha da gücləndirdi. Bu proses Bakının yalnız enerji və nəqliyyat deyil, həm də böhran idarəçiliyi sahəsində regional oyunçuya çevrildiyini nümayiş etdirdi.

Mehdi Sobhani və Ehsan Movahedianın anti-Azərbaycan narrativləri

Azərbaycanın nümayiş etdirdiyi mehriban qonşuluq münasibətlərinə baxmayaraq, İranın bəzi dairələri və konkret şəxslər iki ölkə arasında münsibətlərə xələl yetirmək üçün əllərindən gələni edirlər. Bu mənada İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin açıqlamaları xüsusilə diqqət çəkir. O, İrəvandakı fəaliyyəti dövründə hər zaman açıq şəkildə Ermənistanın mövqeyini müdafiə edən bəyanatlarla çıxış edib və regional layihələrə qarşı mövqe sərgiləyib. Müharibə başladıqdan sonra da Sobhani adətinə uyğun olaraq, üstəlik daha sərt üslubda ölkəmizi hədəf almağa davam edir.


Daha radikal yanaşma isə Ehsan Movahedian kimi şəxslərin açıqlamalarında özünü göstəririr. Movahedianın siması əslində Azərbaycan oxucularına yaxşı məlumdur. O, 2023-cü ilin fevralında, hazırda həbsdə olan, o zaman isə qondarma DQR-in “dövlət naziri” kimi fəaliyyət göstərən Ruben Vardanyandan müsahibə alaraq, “Şərq” qəzetində yayımlamışdı. Həmin müsahibə faktiki olaraq Azərbaycana qarşı qarayaxmalardan və Vardanyanın reklamından ibarət idi.

Movahedian indi də ölkəmizə qarşı təxribatçı çıxışlarına davam edir. Sirr deyil ki, onun Azərbaycan əleyhinə iddiaları və regiondakı proseslərlə bağlı təxribat xarakterli fikirləri açıq şəkildə ölkələrimiz arasında münasibətləri pozmağa hesablanıb.

Təxribatların media və hərbiləşmiş qanadı – Sahar TV, Huseyniyyun...

Media sahəsində isə Sahar TV uzun müddətdir Azərbaycanla bağlı müxtəlif iddialar və dezinformasiyalar yaymaq missiyasını öz üzərinə götürüb. Bu kanal ölkəmizi absurd şəkildə Yaxın Şərqdəki terrorçulara yardım etməkdə belə ittiham edib. “Sahar TV” ilə yanaşı İran Ali Rəhbərinin Ofisinə bağlı “Keyhan” qəzeti, o cümlədən SEPAH-ın media resursu kimi fəaliyyət göstərən "Axbar-e Surya" Telegram kanalı da ölkəmizə qarşı çirkin iftiralar, təhdidlər yağdırıb.


Məsələnin digər tərəfi isə qeyri-rəsmi və yarı-hərbi strukturların fəaliyyəti ilə bağlıdır. Faktiki olaraq, SEPAH tərəfindən yaradılmış Huseyniyyun kimi təşkilatlar daim regionda ideoloji və təhlükəsizlik riskləri yaratmağa çalışıblar. Bir vaxtlar Hüseyniyyun hətta Azərbaycanda Hizbullaha bənzər tamhüquqlu İslam müqavimət təşkilatı yaratmaq eşqinə də düşmüşdü. Lakin Azərbaycan hüquq-mühafizə orqanlarının operativ müdaxiləsi onların bu arzularını ürəyində qoydu.

Mehriban qonşuluğun sözdə deyil, əməldə isbatı

Bütün bu təxribatlar qarşısında yaranan yeni vəziyyət diqqətçəkən bir mənzərə ortaya qoyur. Uzun illər İrandakı bəzi qruplar, şəxslər ölkəmiz əleyhinə kampaniya aparsalar da, real böhran anı kimin dost, kimin düşmən olduğunu açıq şəkildə ortaya qoydu. Həmin qarayaxma kampaniyası aparanlar daim Azərbaycan ərazisində hansısa “sionist qüvvələr” axtarmaqla məşğul olurdular. Ancaq onlar axtardıqları ilə deyil, Azərbaycandan uzanan yardım əli ilə qarşılaşdılar.


Humanitar yardım, açıq logistika dəstəyi və diplomatik balans Bakının regionda etibarlı tərəfdaş kimi çıxış etdiyini göstərdi. Bu isə İrandakı bəzi qüvvələrin anti-Azərbaycan narrativlərin nə dərəcədə reallıqdan uzaq olduğunu bir daha sübut etdi.

Formalaşan şərait regionda münasibətlər sistemini yenidən düşünməyi zəruri edir. Çünki böhran dövrləri yalnız riskləri deyil, həm də real tərəfdaşları üzə çıxarır.

Azərbaycanın atdığı addımlar göstərir ki, müasir geopolitikada sözlərdən çox əməl həlledici rol oynayır. Və bu əməl, ən çətin məqamda belə, münasibətlərin gələcək istiqamətini müəyyənləşdirən əsas faktora çevrilir. Həmin təxribatçı qüvvələr isə real faktların qarşısında susmağa məhkumdurlar.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO