Aslan İsmayılov:

Aslan İsmayılov: "Onlar R.Mehdiyev - Ə.Həsənov dəstəsi tərəfindən gözümçıxdıya salınmışdılar"

Hazırda oxunan: Aslan İsmayılov: "Onlar R.Mehdiyev - Ə.Həsənov dəstəsi tərəfindən gözümçıxdıya salınmışdılar"

6004

Hüquqşünas Aslan İsmayılov müharibə dövründə operativ çalışan jurnalistlər haqqında fikir bildirib.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində maraqlı post paylaşıb.

Vəkil yazısında bir zamanlar Ramiz Mehdiyev və Əli Həsənov tərəfindən sıxışdırılan jurnalistlərin müharibə zamanı cəbhədə əsl qorxmazlıq nümayiş etdirdiklərini qeyd edib.

''Buradan tanıdığım bəzi jurnalistlərin, fəalların adlarını çəkib təşəkkür etməklə yanaşı onların fəaliyyətini Ramiz Mehdiyev və Əli Həsənov cütlüyünün uzun illərdir bizə sırıdıqları, fəxri adlarla, orden-medallarla, mənzillərlə mükafatlandırdıqları jurnalistləri və QHT nümayəndələrini müqayisə edin''.

''İndi isə müharibə dövrü şəxsən tanımasam da daim izlədiyim, real iş görən bəzi jurnalistlərin və fəalların adlarını, bəzi işlərini sadalayım və onların içində bir nəfər də əməkdar jurnalist, yaxud orden-medal sahibi, mənzil almışları görsəniz yazın səhvimi etiraf edim''.

''Əlbəttə, real iş görmüşlərdən adını bilmədiklərim də ola bilər, ancaq fəxri adlar daşıyan, orden-medallı, mənzil alan tanınmış ictimai, siyasi xadim, jurnalist olmayacağına əminəm'', - deyə o, qeyd edib.

A.İsmayılov müharibə zamanı əsl peşəkarlıq nümayiş etdirən media işçilərinə təşəkkür etməyi də unutmayıb.

Artıq "Təkər Elnur" kimi tanınan ictimai fəal Elnur Əliyevi müharibə dövrü tanıdım və onun elə ancaq təkər yükləyərkən hansı əmək və ürək sərf elədiyini hamı kimi mən də gördüm. Hər gün xüsusi olaraq jurnalist Səxavət Məmmədi izləyirdim və onun ön cəbhədən obyektiv yazılarını məmnuniyyətlə oxuyurdum. Onlar kimi jurnalist, ictimai fəal Cəmil Məmmədlinin, Seymur Kazımovun, Əziz Elxanoğlunun adlarını çəkmək olar.

Maya Quliyeva jurnalist olsa da, cəbhə bölgəsində evini anbar kimi istifadə edib. Ağdama gələn yardımların böyük hissəsi onun evində cəmləşib və oradan hərbçilər gəlib aparıb. Bir dəfə həyətlərinə mərmi düşüb, özü və anası da yaralanıb. Oğlu isə döyüşlərdə şəhid olub. Vasif Qurbanzadə bütün işini-gücünü atıb, döyüşlər başlayandan bitənə qədər səngərlərdə əsgərlərin ehtiyaclarını ödəmək üçün əlindən gələni edib.

Onlar kimi Tofiq Şahmuradovun, Kənan Kərimovun, Elmar Hüseynovun, Emin Tarverdiyevin, Vüqar Kərimovun və digərilərinin də adlarını çəkmək olar. Burada adlarını çəkmədiyim, ancaq müharibə dövrü səmimi, heç kimə minnət qoymadan onlarla jurnalist, fəallar oldular ki, müharibəyə qədər onlar R.Mehdiyev - Ə.Həsənov dəstəsi tərəfindən gözümçıxdıya salınmışdılar".

Sonda A.İsmayılov Əli Həsənovun istefaya getməsinə baxmayaraq, onun qurduğu komandanın hələ də yüksək postlarda oturduqlarını, medianı istədikləri kimi idarə etdiklərini də yazıb.

“Bu gün də gördüyüm odur ki, bu dəstə hakimiyyətdən getsə də onların əlaltıları hələ də iş başındadır. Bunu müharibə dövrü kimlərin xüsusi tapşırıqlarla, reklam olunmaları üçün cəbhəyə getmələrinə şərait yaradılmasında da görmək olardı. Əvəzində bir çox səmimi, real işlə məşğul olan vicdanlı jurnalistlərə, ictimai fəallara manelər yaradıldı. Nə qədər ki, insanlara real əməklərinə görə yox, kimlərinsə yaxını olduqlarına görə qiymət veriləcək köhnə problemlərdən qurtulan deyilik”.

Vüsalə Balayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO