Estoniya Parlamentinin (Riigikogu) Estoniya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupu Xocalı qətliamının 34-cü ildönümü ilə əlaqədar bəyanat yayaraq Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.
Bəyanatda Xocalıda vəhşicəsinə qətlə yetirilənlərin xatirəsi anılıb və Azərbaycan dövlətinin öz ərazisində davamlı sülh quruculuğu səylərinə dəstək ifadə edilib.
Bizim.Media xəbər verir ki, bəyanatda deyilir:
“Biz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının işğalı zamanı 600-dən çox günahsız mülki şəxsin, o cümlədən çoxlu sayda uşaq, qadın və qocanın amansızcasına qətlə yetirildiyi Xocalı qətliamı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşürük. Biz Xocalının işğalı zamanı Azərbaycan mülki əhalisinə qarşı törədilmiş insanlığa qarşı cinayətləri qətiyyətlə pisləyirik.
Biz regionun bütün ölkələrinin suverenlik və ərazi bütövlüyü, habelə beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı hüququna malik olduğunu qəbul edir, Azərbaycan Respublikasının öz ərazisində davamlı sülhün bərqərar olunması, inteqrasiya və yenidənqurma istiqamətində səylərinə dəstəyimizi ifadə edirik.
Parlamentlərarası Dostluq Qrupu həmçinin Cənubi Qafqazda davamlı sülh və sabitliyin, eləcə də beynəlxalq hüquq prinsiplərinə hörmətin vacibliyini vurğulamaq fürsətindən istifadə edir, dialoqa, etimadın qurulmasına və regionun dinc inkişafına dəyər veririk. Estoniya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupu ölkələrimiz arasında parlament əməkdaşlığını yüksək qiymətləndirir və onu daha da gücləndirməyə sadiqdir”.
Xatırladaq ki, Estoniya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna Mariya Yufereva-Skuratovski sədrlik edir.
Qrupun üzvləri Yak Aab, Vadim Belobrovtsev, Züleyxa İzmailova, Aleksey Yevqrafov, Ester Karuse, Toomas Kivimägi, Aivar Kokk, Eerik-Niiles Kross, Lauri Laats, Andres Metsoja, Heljo Pikhof, Juku-Kalle Raid, Urmas Reinsalu və Aivar Sõerd-dir.

Bizim.Media


























































































