Avropa İttifaqı Azərbaycanı Avropanın post-Rusiya dövründə formalaşan yeni enerji arxitekturasının əsas dayaqlarından biri kimi qiymətləndirir.
Bizim.Media xəbər verir ki, bu barədə Aleks Kimaninin “OilPrice” nəşrində dərc olunmuş məqaləsində bəhs edilir.
Müəllif qeyd edir ki, Rusiya qazından asılılığın azaldılması strategiyası çərçivəsində Brüssel Bakı ilə enerji əməkdaşlığını prioritet istiqamət kimi müəyyənləşdirib. Avropa Komissiyası 2027-ci ilə qədər Azərbaycandan qaz idxalının illik həcmini təxminən 20 milyard kubmetrədək artırmağı hədəfləyir. Bu, Aİ-nin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və təchizat mənbələrinin şaxələndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Azərbaycan qazı Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə nəql olunur. Xəzər hövzəsindən başlayan bu strateji marşrut Gürcüstan və Türkiyə üzərindən Trans-Adriatik Boru Kəməri ilə İtaliya bazarına və digər Avropa ölkələrinə çıxış əldə edir. Nəticədə Azərbaycan qazı artıq İtaliya, Yunanıstan, Bolqarıstan və bir sıra digər dövlətlərin enerji balansında mühüm yer tutur.
Məqalədə vurğulanır ki, enerji əməkdaşlığı yalnız təbii qaz ixracı ilə məhdudlaşmır. Aİ və Azərbaycan arasında yaşıl enerji, xüsusilə külək və günəş enerjisi layihələri, eləcə də Qara dəniz vasitəsilə elektrik ötürülməsi təşəbbüsləri üzrə əməkdaşlıq da genişlənir. Bu, Avropanın uzunmüddətli enerji transformasiyası strategiyasına uyğun şəkildə həyata keçirilir.
Aleks Kimani qeyd edir ki, mövcud geosiyasi reallıqlar fonunda Azərbaycan Avropa üçün həm etibarlı tərəfdaş, həm də strateji enerji mərkəzi rolunu gücləndirir. Enerji marşrutlarının təhlükəsizliyi və sabit təchizat baxımından Bakı post-Rusiya dövründə formalaşan yeni enerji xəritəsində açar mövqedə qərarlaşır.
Qeyd edək ki, Avropa İttifaqının enerji siyasətində əsas prioritetlərdən biri təchizat risklərinin azaldılması və alternativ mənbələrin genişləndirilməsidir və bu kontekstdə Azərbaycanın rolu xüsusi əhəmiyyət kəsb edir.

Bizim.Media

- A-
- A
- A+
Siyasət
12:52 / 24.02.2026
KİV: “Azərbaycan Avropanın yeni enerji arxitekturasının əsas dayağıdır” – FOTO
Hazırda oxunan: KİV: “Azərbaycan Avropanın yeni enerji arxitekturasının əsas dayağıdır” – FOTO
Hazırda oxunan: KİV: “Azərbaycan Avropanın yeni enerji arxitekturasının əsas dayağıdır” – FOTO
598030
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































