Lavrovun hədələri, Avropanın çıxılmaz VƏZİYYƏTİ – Rusiya yeni müharibəyə HAZIRLAŞIR?

Lavrovun hədələri, Avropanın çıxılmaz VƏZİYYƏTİ – Rusiya yeni müharibəyə HAZIRLAŞIR?

Hazırda oxunan: Lavrovun hədələri, Avropanın çıxılmaz VƏZİYYƏTİ – Rusiya yeni müharibəyə HAZIRLAŞIR?

595319

Ukrayna müharibəsinin davam etməsi fonunda Avropa ilə Rusiya arasında da gərginlik daim artır. Bu fonda tərəflər tez-tez bir-birinə qarşı hədələyici tonda açıqlamalar verirlər. Əsasən də Moskva daha çox canfəşanlıq nümayiş etdirir.

Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Rusiyaya hücuma başlasa, tammiqyaslı hərbi cavab alacağını bəyan edib.

Kremlin heç bir Avropa ölkəsinə hücum etmək niyyətinin olmadığını deyən Lavrov eyni zamanda qeyd edib ki, Avropa Rusiyaya hücum etsə, Moskvanın hazırda həyata keçirdiyi xüsusi hərbi əməliyyat tammiqyaslı hərbi əməliyyata çevriləcək.

Görünən odur ki, Rusiya Avropanı yenidən müharibə ilə təhdid edir. Sirr deyil ki, hazırda Avropa müəyyən qədər çıxılmaz vəziyyətdədir. Ənənəvi müttəfiqi olan ABŞ Trampın hakimiyyətə qayıdışından sonra Avropanı dəstəkləməkdən əl çəkərək, onun arxasından çəkilmək kursu götürüb. Bu fonda Avropa özünü xilas etmək üçün, xüsusən də hərbi müstəvidə mövqeyini gücləndirmək istiqamətində cəhdlər etsə də, hələlik real nəticələrə nail ola bilməyib. Başqa bir tərəfdən, hazırda ABŞ-ın diqqəti də Yaxın Şərqə, İrana yönəlib.

Görəsən, belə bir vəziyyətdə Rusiya Avropaya qarşı hərəkətə keçəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, yaxın bir-iki ildə Rusiyanın Avropaya qarşı hərbi avantüraya əl atmayacaq:

“Daha əlverişli məqam yetişən kimi isə Rusiya “köhnə qitə”yə qarşı mübarizədə bundan yararlanmağa çalışacaq. Lavrov Rusiyanın Avropa ölkələrinə hücuma hazırlaşmadığını deyir. Bununla yanaşı, Rusiyaya qarşı hücum olarsa, xüsusi hərbi əməliyyatın daha geniş miqyaslı müharibəyə çevriləcəyini bəyan edir. Belə məqamlarda adətən kimin kimə hücum etdiyini sübut etmək o qədər də asan deyil”.

Avantüra sahəsində “mütəxəssis”.

Ekspert düşünür ki, Rusiya avantüraya əl atmaqda böyük “mütəxəssis”dir:

“Yəni o asanlıqla ilk növbədə özü hücum edib, Rusiya ərazisinə endirilən zərbələrin qarşılığı olaraq, cavab tədbiri gördüyünü bəyan edə bilər. Avropada da yaxşı bilirlər ki, Rusiya belə bir addıma gedə bilər”.

Rusiya təhlükəsi hələ uzun müddət qalacaq.

Abutalıb Səmədov qeyd edir ki, burada əsas məsələ Rusiyanın nə vaxt belə bir addımı ata bilməsi məsələsidir:
 

“Hazırda Rusiya buna qadir deyil. Ukraynada irəliləsələr də, bu irəliləyiş Kremlin istədiyi səviyyədə deyil və Rusiya tərəfindən ciddi insan itkilərilə müşayiət olunur. Rusiya hazırkı zamanda, hətta yaxın bir-iki ildə Avropaya qarşı belə bir hərbi avantüraya əl atmağa hazır deyil.


Çünki milyondan artıq insan itirib, iqtisadiyyatına böyük zərbə dəyib, hərbi potensialı da kifayət qədər yara alıb. Baxmayaraq ki, hərbi sənaye kompleksinin işini yüksək səviyyədə təşkil edə bilib. Gələcəkdə, daha əlverişli məqamın mövcudluğu şəraitdə isə Rusiyanın Avropaya qarşı hücum ehtimalı istisna edilmir. Rusiya təhlükəsi hələ uzun müddət yaxın ətrafı ciddi şəkildə narahat etməkdə davam edəcək”.

Rüfət Sultan, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO