ABŞ-ın vitse-prezidentinin Cənubi Qafqaz SƏFƏRİ – Hansı razılaşmalar əldə olunacaq?

ABŞ-ın vitse-prezidentinin Cənubi Qafqaz SƏFƏRİ – Hansı razılaşmalar əldə olunacaq?

Hazırda oxunan: ABŞ-ın vitse-prezidentinin Cənubi Qafqaz SƏFƏRİ – Hansı razılaşmalar əldə olunacaq?

595298

Xəbər verdiyimiz kimi, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens sabah Bakıya gələcək. Səfər çərçivəsində yüksəksəviyyəli görüşlər keçiriləcək, vacib məsləhətləşmələr aparılacaq.

Bəs bu səfər region və ölkəmiz üçün nələr vəd edir?

Mövzu ilə bağlı sabiq xarici işlər naziri Elmar Məmmədyarovla həmsöhbət olduq.
 

MÖVZU İLƏ BAĞLI:

Cey Di Vensin İrəvan və Bakı səfərlərinin qrafiki açıqlandı


Bizim.Media həmin mühasibəni təqdim edir:

- Elmar müəllim, ABŞ-ın vitse-prezidentinin ölkəmizə səfərini qısaca necə xarakterizə edərdiniz?

- Bir cümlə ilə desək, ABŞ-ın vitse-prezidentinin Azərbaycana gəlməsi təkcə ölkəmiz üçün yox, bütün region dövlətləri üçün mühüm hadisədir. Bu səfərin konkret hədəfləri var. Bu hədəflər arasında əsas məsələ ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açmaq, eyni zamanda regional layihələrdə ABŞ-ın birbaşa iştirakıdır. Bilirsiniz ki, Zəngəzur dəhlizinin bərpasında ABŞ çox maraqldır. Təsadüfi deyil ki, bu dəhlizin yeni adı da TRIPP-dir. Bu dəhlizin bərpası Azərbaycanın milli maraqlarına daha çox uyğundur.

- Yeri gəlmişkən, bu gün Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib...

- Bəli, nümayəndə heyətinin çox mötəbər üzvləri var. “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil” kimi dünyaca məşhur 20-yə yaxın Amerika şirkətlərinin rəhbərləri hazırda Bakıdadır. Ticarət Palatasıyla aparılan danışıqlarda məqsəd ABŞ-Azərbaycan əlaqələrini daha da genişləndirməkdir. Bildiyiniz kimi neft-qaz sektorunda ABŞ-Azərbaycan əlaqələri 30 ildən artıq tarixə malikdir. Amma iqtisadiyyatın digər sahələrində də iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar var.

- Məlumdur ki, vitse-prezident Vens İrəvandan Azərbaycan gələcək. Bu səfərin həm sülh prosesinin, həm də TRIPP dəhlizinin açılması baxımından hansı təsirləri olacaq?

- Mən mətbuatdan öyrəndim ki, ABŞ şirkətləri TRIPP dəhlizinin texniki əsaslandırmasını hazırlamaq üçün Ermənistana gəliblər. Proses artıq başlayıb. Konkret nəticələri biz yaxın zamanda görəcəyik. Burada əsas məqam təhlükəsizlik məsələsidir. Bir-iki ilə dəmir yolunun yenidən qurulmasını başa çatdırmaq olar. Amma dəhliz üzərindən ötürülən yüklərin təhlükəsizliyi vacib amildir.

- Bir zamanlar bu missiyanı Azərbaycan həyata keçirirdi...

- Bəli. Sovetlər vaxtında Ermənistanın müstəqil dəmir yol strukturu yox idi. Mehri və Sədərəkdən İrəvanadək bütün dəmir yoluna Azərbaycan dəmiyolçuları nəzarət edirdi. Son 30 ildə isə Ermənistan dəmir yolları Rusiya Dəmir Yolları İdarəsi tərəfindən idarə olunub. İndi isə yeni reallıqlar ortaya çıxır. Azərbycanın əsas hissəsindən Naxçıvana və Naxçıvandan Ermənistan üzərindən Türkiyəyə ötürüləcək beynəlxalq yüklərin daşınmasına təhlükəsizlik zəmanəti lazımdır. Hesab edirəm ki, bu məsələdə ən yaxşı zəmanətçi ABŞ-dır.

- Nəzərə alaq ki, İranla və Türkiyə ilə Ermənistanın sərhədlərini Rusiya hərbçiləri qoruyur. Belə olan vəziyyətdə Rusiya dəhlizin təhlükəsizliyinin ABŞ şirkətlərinə həvalə edilməsinə razı olacaqmı?

- Yəqin ki, razı olacaqlar. Çünki Rusiya beynəlxalq sanksiyalardan ciddi əziyyət çəkir. TRIPP dəhlizi əslində Rusiya üçün bir nəfəslikdir. Bu dəhliz üzərindən Rusiya Avropaya və Cənub-Qərbi Asiyaya çıxış imkanları qazanacaq.   

- Bəs, İran..?

- Bilirsiniz, təhlükəsizlik məsələsinin təminatçısı ABŞ olsa da yerlərdə daşıyıcılarla təmasda Ermənistanın rəsmi nümayəndələri olacaq. Üstəlik, bu dəhliz İran üçün də çıxış yoludur. Təbii ki, indidən konkret nəsə demək çətindir. Zamanla bütün məqamlar məlum olacaq. Amma əsas məsələlərə Devid Vensin səfərinin yekununda aydınlıq gələcək. Bir daha deyirəm ki, ABŞ-ın vitse-prezidentinin bu səfəri təkcə ABŞ-Azərbaycan münasibətləri baxımından yox, həm də regional maraqlar baxımından çox əhəmiyyətlidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO