Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısı müsahibəsində beynəlxalq miqyasda baş verən proseslər, o cümlədən ölkə və regionumuzla bağlı mühüm əhəmiyyət kəsb edən məqamlara aydınlıq gətirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin yerli mediaya müsahibələr verməsi ənənə halını alıb. Bu müsahibələr ötən ilin yekunlarını təhlil etməklə yanaşı, eyni zamanda qarşıdakı dövr üçün strateji yol xəritəsinin ictimaiyyətə açıq şəkildə təqdimatı xarakterini daşyır.
Dövlət başçısının müsahibələrindəki ən spesifik məqam ondan ibarətdir ki, bütün proseslər ən xırda detallara qədər, səbəb–nəticə əlaqəsi ilə, regional və qlobal kontekstdə izah olunur. Bu yanaşma Prezident İlham Əliyevin Azərbaycanın gələcəyi ilə bağlı aydın baxışa, strateji düşüncəyə və uzunmüddətli planlamaya malik olduğunu bir daha təsdiqləyir.
Cənubi Qafqazda yeni reallıqlar
Müsahibədəki əsas siyasi mesajlardan biri Ermənistan–Azərbaycan münaqişəsinin keçdiyi mərhələlərə verilən yekun qiymət idi. Prezident İlham Əliyev açıq şəkildə vurğuladı ki, həm müharibənin fəal mərhələsi, həm atəşkəs dövrü, həm İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı və bütün sonrakı proseslər ötən ilin avqustunda siyasi baxımdan başa çatıb:
“2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik”.
Bu yanaşma mühüm bir mesaj verir: Azərbaycan artıq keçmiş münaqişə gündəliyi ilə yaşamır. Ölkəmiz sabitlik, təhlükəsizlik və sülh mərhələsinə daxil olub.
Zəngəzur dəhlizi – Avrasiyanın yeni logistika arteriyası
Yanvarın 5-dəki müsahibənin mərkəzində duran əsas mövzulardan biri Zəngəzur dəhlizi idi. Prezidentin “Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir” fikri, regionda formalaşmış geosiyasi reallığın təsbitidir:
“Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir. Mən inanmıram ki, Ermənistan bu məsələdən boyun qaçırsın, bu, özünəqəsd kimi qiymətləndirilə bilər. Xüsusilə nəzərə alsaq ki, Amerika Prezidenti Tramp bu yola öz adını verib, artıq bu, onun yoludur”.
Azərbaycan tərəfinin Zəngəzur dəhlizi ilə bağlı öz üzərinə düşən infrastruktur işlərini faktiki olaraq tamamlaması — avtomobil yolunun 95, dəmir yolunun isə 70 faiz hazır olması — Prezident İlham Əliyevin hadisələri qabaqlayan uzaqgörən qərarlarının nəticəsidir.
Təbii ki, Zəngəzur dəhlizi təkcə Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirmir. Bu layihə, Şərq–Qərb, Şimal–Cənub, Orta Dəhliz xətlərini bir nöqtədə kəsişdirərək Azərbaycanı Avrasiyanın əsas nəqliyyat hablarından birinə çevirir.
Çin və Mərkəzi Asiya ilə əməkdaşlıq perspektivləri
Müsahibədə Çinlə strateji tərəfdaşlığa və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafına xüsusi yer ayrılması da təsadüfi deyil. Ümumilikdə, Çinlə 4,2 milyard dollardan artıq ticarət dövriyyəsi, bərpaolunan enerji sahəsində investisiyalar, Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzvlük Azərbaycanın artıq regional deyil, qlobal iqtisadi aktor kimi çıxış etdiyini təsdiqləyir.
Digər tərəfdən, Avrasiya məkanında baş verən geosiyasi dəyişikliklər, Suveyş ətrafında risklərin artması və şimal marşrutlarında yaranan məhdudiyyətlər fonunda quru nəqliyyatının əhəmiyyəti kəskin şəkildə yüksəlib.
“Xəzər dənizinə və deməli, Azərbaycana yükdaşımaların həcmi artacaq. Mərkəzi Asiya ölkələri ilə yanaşı, Çindən əlavə yükdaşımalar təbii ki, Şərq-Qərb marşrutunu, Orta Dəhlizi tam işlək vəziyyətə gətirəcək. Sözsüz ki, Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik”, - deyə Dövlət başçısı vurğulayıb.
Beynəlxalq hüququn iflası – dünya siyasətində yeni reallıqlar
Dövlət başçısı müsahibədə qeyd edib ki, beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işləmir:
“Bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var”.
Prezident həmçinin müsahibəsində güc faktorunun önəmini də xüsusi vurğulayıb:
“Dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını gücləndirməlidir, təhlükəsizliyini gücləndirməlidir. Hətta Yeni il bayramı ilə əlaqədar Azərbaycan xalqına təbrikimdə də demişdim, bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır. Mənim sözlərim indi demək olar ki, həftəlik formatda bu və ya digər bölgələrdə təsdiqlənir”.
Məlumdur ki, Azərbaycan 30 ilə yaxın müddət ərzində beynəlxalq hüququn işləməməsindən əziyyət çəkib. BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in Minsk qrupunun fəaliyyəti Qarabağ münaqişəsinin həllində uğursuzluğa düçar oldu. Ona görə də Azərbaycan güc yolu ilə ədaləti bərpa etdi.
Bu gün dünyada yaşanan proseslər də güc faktorunun beynəlxalq münasibətlərdə əsas məqam olduğunu təsdiqləyir. Güclü dövlətlər beynəlxalq hüquqa məhəl qoymadan, öz maraqlarını güc yolu ilə təmin etməyə çalışırlar.
Qəzza məsələsində prinsipial mövqe
Prezident İlham Əliyevin müsahibəsinin dünya mediasında geniş işıqlandırılması Azərbaycanın qlobal proseslərdə tutduğu prinsipial mövqenin göstəricisidir. Xüsusilə də, Qəzzaya sülhməramlı kontingentin göndərilməyəcəyi ilə bağlı qəti mövqe, yalnız Yaxın Şərqdə deyil, Avropa və Asiya mediasında da geniş rezonans doğurdu.
Dövlət başçısı sözügedən məsələ ilə bağlı suala cavab olaraq Azərbaycanın hər bir vətəndaşının qiymətli olduğunu bildirdi:
“Biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik. Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən. Axı, Fələstin də bizi elə də müdafiə etmirdi”.
Azərbaycanın mövqeyi aydındır: ölkə emosional çağırışlarla yox, milli maraqlar və beynəlxalq hüquq çərçivəsində hərəkət edir.
907-ci düzəliş ləğv olunmalıdır
Yeni geosiyasi reallıqlar fonunda “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş məsələsi də yenidən gündəmə gəlib. Bu düzəliş 1990-cı illərin siyasi konfiqurasiyasının məhsulu idi və uzun illər Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunub.
Xatırladaq ki, bu düzəliş 2001-ci ildən etibarən dayandırılmışdı. Çünki Əfqanıstandakı əməliyyatlarda Azərbaycan Amerika üçün vacib tərəfdaş kimi çıxış edirdi. 2024-cü ildə - Bayden-Blinken administrasiyasının Əfqanıstdandan biabrıçı şəkildə qaçmasından sonra isə 907-ci düzəliş yenidən aktivləşdirildi. 2025-ci ilin avqustunda isə Prezident Tramp bu absurd düzəlişə son qoydu. İndi isə onun tamamilə ləğv olunmasının vaxtıdır.
“İndi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxmışdır və əlbəttə, biz gözləyirik ki, Konqres bu ədalətsiz, keçmişdən qalan, bu gün tamamilə absurd sayılan düzəlişi aradan qaldıracaq. Çünki nə o vaxt blokada var idi, nə bu gün blokada var. Əksinə, bu gün Azərbaycan ərazisindən Ermənistana müxtəlif yerlərdən yüklər gedir, yollar açıldı və hətta Azərbaycanın neft məhsulları Ermənistana ixrac edilir. Hansı blokadadan söhbət gedə bilər?!” – Dövlət başçısı açıq şəkildə vurğulayıb.
Digər tərəfdən, Prezident İlham Əliyevin ötən ilin avqustunda Vaşinqtona səfəri və ABŞ Prezidenti Donald Tramp ilə qurulan birbaşa dialoq Azərbaycan–ABŞ münasibətlərini keyfiyyətcə yeni səviyyəyə yüksəltdi. Strateji İşçi Qrupunun yaradılması, tərəfdaşlığın enerji, tranzit, süni intellekt və təhlükəsizlik sahələrini əhatə etməsi bu yeni mərhələnin əsas göstəriciləridir. Məhz buna görə də yaranmış yeni reallıqlar fonunda 907-ci düzəlişin tam ləğvi artıq zərurətə çevrilib.
Yeni reallıqları formalaşdıran lider
Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə bir daha göstərdi ki, Azərbaycan artıq hadisələri özü formalaşdıran dövlətlər sırasındadır.
Dövlət başçısının çıxışlarında diqqəti cəlb edən əsas cəhət emosional ritorikadan uzaq, rasional, praqmatik və hesablanmış yanaşmadır. Beynəlxalq və regional məsələrlə bağlı Prezident tərəfindən nümayiş etdirilən prinsipial mövqe göstərir ki, Azərbaycan milli maraqlarını qlobal gündəmin dəyişkənliyinə qurban vermir.
Müsahibədə səsləndirilən fikirlər sübut etdi ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xarici siyasəti situativ qərarlara yox, uzunmüddətli strateji planlamaya əsaslanır. Prezident İlham Əliyev isə hadisələrin gedişini izləyən yox, onları formalaşdıran siyasi liderdir. Dərin təhlil, düzgün proqnoz və risklərin əvvəlcədən hesablanması bu idarəçilik modelinin əsas xüsusiyyətləridir.
Bir sözlə, Azərbaycan artıq regional gündəmin passiv iştirakçısı deyil. Ölkəmiz siyasi, iqtisadi və nəqliyyat baxımından yeni reallıqlar yaradan, beynəlxalq müstəvidə söz sahibi olan dövlət kimi çıxış edir.

Anar Tahirov, Bizim.Media informasiya portalının baş redaktoru































































































