“Prezident İlham Əliyevin Yeni il münasibətilə xalqa müraciəti ötən beş ilin strateji yekunlarını və qarşıdakı mərhələnin əsas konturlarını aydın şəkildə sərgiləmiş oldu. Dövlət başçısının vurğuladığı kimi, 2025-ci il Azərbaycanın tarixində xüsusi yer tutur, çünki ölkə bu il Vətən müharibəsində əldə edilən şanlı Zəfərin beşinci ildönümünü qeyd edir. Bu Zəfər təkcə hərbi qələbə deyil, eyni zamanda 30 ilə yaxın davam edən işğal dövrünə son qoyulması və tarixi ədalətin bərpası deməkdir”.
Bizim.Media xəbər verir ki, bu sözləri siyasi şərhçi Ülviyyə Zülfiqar qeyd edib.
Onun sözlərinə görə Prezident İlham Əliyevin müraciətində son beş il ərzində Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsinə xüsusi diqqət çəkildi:
“Müasir silah və hərbi texnika ilə təchizat, ordu quruculuğunun sistemli şəkildə aparılması və xüsusi təyinatlı qüvvələrin say və imkan baxımından bir neçə dəfə artırılması Azərbaycanın təhlükəsizlik strategiyasının əsas sütunlarından biridir. Bu yanaşma regional və qlobal miqyasda silahlanmanın artdığı bir dövrdə Azərbaycanın yalnız öz milli maraqlarına əsaslanan siyasət yürütdüyünü bir daha göstərir.
Dövlət başçısının mesajlarında müasir çağırışlara realist baxış açıq şəkildə hiss olunur. Dünyada qeyri-sabitliyin, yeni münaqişə ocaqlarının və güc balanslarının dəyişdiyi bir şəraitdə Azərbaycanın ilk növbədə öz təhlükəsizliyini düşünməsi strateji zərurətdir. Bu, məsuliyyətli və ölçülmüş qərarların qəbul edildiyini nümayiş etdirir.
Vətən müharibəsindən sonra atılan addımların mühüm istiqamətlərindən biri Azərbaycanın Zəfərinin beynəlxalq və siyasi müstəvidə möhkəmləndirilməsi oldu. Bütün dünya Azərbaycanın qələbəsinə şahid olub. ATƏT-in Minsk qrupunun tarixin arxivinə göndərilməsi isə Qarabağ mövzusunun beynəlxalq gündəlikdən çıxarıldığını və münaqişənin bitdiyini göstərən daha bir məqamdır.
Müraciətdə Azərbaycanın sülh gündəliyinə sadiqliyi də xüsusi vurğulanır. Rəsmi Bakının təşəbbüsü ilə irəli sürülən sülh konsepsiyası regionda uzunmüddətli sabitliyin əsasını qoymağa yönəlib. Vaşinqtonda ABŞ prezidentinin iştirakı ilə sülh sənədinin paraflanması faktı Azərbaycanın beynəlxalq platformalarda etibarlı və təşəbbüskar aktor kimi qəbul edildiyini göstərir”.
Siyasi şərhçi qeyd edib ki, Prezident İlham Əliyev eyni zamanda ölkə daxilində aparılan genişmiqyaslı quruculuq və bərpa işlərinə diqqət çəkdi:
“Azad edilmiş ərazilərdə həyata keçirilən layihələr, infrastrukturun yenidən qurulması və bölgələrin balanslı inkişafı dövlət siyasətinin sosial-iqtisadi ölçüsünü ön plana çıxarır. Bu proses təkcə fiziki bərpa deyil, həm də həmin ərazilərə həyatın qayıdışı və uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir.
Müraciətdə Azərbaycanın beynəlxalq nüfuzunun artması və müstəqil siyasət kursu xüsusi ideoloji xətt olaraq qeyd edildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olub və heç bir dövlətə daxili işlərinə müdaxilə imkanı verməyib. Bu mövqe ölkənin həm regional, həm də qlobal miqyasda prinsipial aktor kimi tanınmasına şərait yaradıb.
Prezident İlham Əliyevin Yeni İl müraciəti Azərbaycanın siyasi iradəsinin, xalq-iqtidar birliyinin, hərbi gücünün və iqtisadi potensialının hansı səviyyəyə çatdığını bir daha nümayiş etdirdi. Bu gün Azərbaycan elə bir mərhələdədir ki, heç bir xarici güc ona öz iradəsini diqtə edə bilməz. Müraciət həm keçilmiş yolun yekunu, həm də gələcək hədəflər üçün güclü siyasi mesaj oldu.
Bizim.Media

































































































