Fervalın 4-də Azərbaycan Prezidenti İlham Əliyevlə fransalı həmkarı Emmanuel Makron, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında videoformatda görüş keçirilib.
Əvvəla onu qeyd edək ki, görüş Fransa Prezidentinin təşəbbüsü ilə baş tutub. Müzakirələr ötən ilin dekabrında Brüssel görüşünün davamı istiqamətində baş tutaraq regional münasibətlərin normallaşması məsələlərinin müzakirəsi şəraitində keçib.
Ümumilikdə, görüşün Azərbaycanın maraqlarına uyğun şəkildə baş tutduğunu əminliklə söyləyə bilərik. Bunu görüşün bir neçə nüansı ilə əlaqələndirək:
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin Avropa İttifaqı qarşısında qaldırdığı ƏSAS MƏSƏLƏLƏR - ŞƏRH
1. Nə Ermənistan, nə də Avropa liderləri “status” məsələsini gündəmə gətirmədilər. Doğrudur, bu məsələ uzun zamandır ki, diqqətdən kənar qalmışdı. Lakin bir müddət öncə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu məsələnin həllinin vacibliyi istiqamətində absurd bəyanatla çıxış etmişdi.
2. Görüşün gündəliyinə daxil edilən məsələlər rəsmi Bakının münaqişənin həlli istiqamətində irəli sürdüyü şərtlərlə birə-bir eyniyyət təşkil edirdi. Sözügedən nüanslara mina problemi, kommunikasiyaların bərpası, sərhədlərin delimitasiyası və sülh sazişi kimi mövzulara dair fikir mübadiləsinin aparılması aiddir.
3. Görüşlə bağlı Makron və Mişelin bəyanatlarında ümumiyyətlə Qarabağ məsələsi özünə yer tapmadı. Bu isə, 44 günlük müharibədən sonra ilk bu cür hal idi. Belə ki, bu nüans Qərbin Qarabağı heçbir qeyd-şərt olmadan Azərbaycan ərazisi kimi qəbul etdiyinin əyani sübutu idi. Görünən qədərilə, bundan sonrakı dövrdə Qərbin vasitəçi qismində çıxış etdiyi danışıqlarda Qarabağ məsələsi müzakirə predmeti olmayacaq.
4. Xalqımız üçün mühüm önəm kəsb edən mövzu olan itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların yeri məsələsi Avropa liderlərinin iştirak etdiyi yüksək “ranq”lı görüşdə müzakirəyə çıxarıldı. Sözügedən məsələnin görüşün gündəliyinə salınması iki aspektdən əhəmiyyət daşıyırdı.
Birincisi, ermənilərin müharibədən sonra saxlanılan bir neçə diversantı dünyanın gözünə soxmaq cəhdləri qarşısında Azərbaycanın əlində nə qədər vacib “kozır”ın olduğu ortaya qoyuldu.
İkincisi, informasiya savaşında erməni vəhşiliyinə diqqəti cəlb etmək baxımından mühüm addım atıldı.
Görüş zamanı diqqət çəkən məqamlardan biri də, Fransada prezidentliyə namizdə Valeri Pekresin Xankəndinə qanunsuz səfərindən sonra rəsmi Parisdən gələn bəzi xoşagəlməz sədaların Makronun ritorikasında öz əksini tapmaması idi.
Görünən qədərilə, Emmanuel seçki öncəsi sırf erməni diasporasının səsinə almaq üçün qeyri-adekvat mövqe sərgiləməyin fayda verməyəcəyini dərk edərək, məsələlərə daha obyektiv yanaşmaq taktikasını seçib.
Cozef Borelin görüş zamanı sərgilədiyi mövqe isə Avropa İttifaqının Brüssel görüşündə əsası qoyulan siyasətinin arxasında durmağa davam etdiyini təsdiqlədi. Təbii ki, Avropanın bu cür mövqe sərgiləməsində Azərbaycanla inkişaf etdirilməsi planlaşdırılan enerji layihələrinin rolunun heç də az olmadığı bildirilir.
Ümumilikdə isə, Avropa rəsmilərinin Brüssel görüşündən etibarən sərgilədiyi obyektiv mövqeyin regional normallaşma prosesinə xüsusi təsirlərinin olacağı aydın görünür.
Murad Əhmədov, Bizim.Media