Ermənistan XİN-in sözçüsü Unan Tadevosyan Azərbaycana qarşı əsassız ittihamla çıxış edib. Guya ki, rəsmi Bakı 2021-ci ilin noyabrında Soçidə razılaşdırılan məsələlərlə bağlı hələ də konkret cavab verməyib.
Mövzuya münasibət bildirən politoloq Fərhad Məmmədov əvvəlcə qeyd edib ki, ermənilər təkliflərinin məzmununu açıq şəkildə bəyan etməyiblər:
“Amma görünən odur ki, onlar delimitasiya və demarkasiyanı həyata keçirtmək üçün təhlükəsiz mühitin olmasını əsas gətirərək hərbi birləşmələrin qarşılıqlı geri çəkilməsini təklif ediblər. Təklifin məntiqsizliyi ondan ibarətdir ki, ermənilər 44 günlük savaşdan sonra formalaşan sərhədləri nəzərdə tuturlar”.
Bizim.Media ilə dialoq zamanı Fərhad Məmmədov ermənilərin bu təklifini əsassız adlandırıb.
MÖVZU İLƏ BAĞLI:
Fərhad Məmmədov: “Ermənistanda siyasi gərginlik silahlı gərginliyə çevrilə bilər”
Çünki 20 ildir ki, Naxçıvanda, Tovuz-Qazax istiqamətində Ermənistanla formalaşan cəbhə xətti var:
“Ona sərhəd demək olmaz, cəbhə xəttidir. Belə çıxır ki, Azərbaycan tərəfi ermənilərin sərhəd zolağı tikmədiyi, infrastrukturları olmayan yerlərdən geri çəkilməlidir? Əlbəttə ki, bu, məntiqsizdir. İkinci məsələ odur ki, delimitasiya və demarkasiyanı başlamaq üçün əsas, yəni sənəd olmalıdır. Böyük ehtimalla bu sənəddə Azərbaycanın ərazi bütövlüyü məsələsinə toxunmamaq, yaxud belə bir bəndin olmamasını təklif edirlər. Bu da Azərbaycan üçün qəbul edilməzdir”.
Yəni ermənilər təhlükəsiz mühit istəyirlərsə, bunun üçün qoşunların geri çəkilməsinə ehtiyac yoxdur. Çünki təhlükəsiz mühit mövcuddur. Son insidentlərə gəlincə isə, gərginlik erməni təxribatından sonra yaranıb.
Politoloq da bu nüansa diqqət ayırıb ki, erməni təxribatı olmadıqca atəşkəs qorunur:
“Sadəcə olaraq, erməni tərəfi bu cür şərtlərlə prosesi uzadır. Bu da öz növbəsində yeni eskalasiyalara səbəb ola bilər”.
- İrəvanın hazırkı “bəhanə”ləri konkret olaraq nə ilə bağlıdır?
“Soçi bəyanatının bir cümləsinə onların interpretasiyası (fərqli yozum) ondan ibarətdir ki, tərəflər delimitasiya və demarkasiya prosesinə başlamazdan öncə təhlükəsizlik mühitini formalaşdırmalıdırlar. Orda deyilməyib ki, silahlı qüvvələr geri çəkilməlidir. Təhlükəsizlik mühiti indi var”.
- Belə başa düşdüm ki, ermənilər təhlükəsiz mühit yaratmağı “qoşunların geri çəkilməsi” ilə əvəzləməyə çalışırlar. Niyə?
“Sərhəd tikməyə resursları mövcud deyil. Sərhəd qoşunları da yoxdur. Orada iki korpusları var idi, hansı ki, II Qarabağ savaşında məhv edilib.
Resursdan əlavə şəxsi heyət çatışmazlıqları da var. Bütün bunları ört-basdır etmək üçün əvvəlcə dedilər ki, sərhədə beynəlxalq müşahidəçilər gəlsin. Bu baş vermədikdə isə başladılar ki, “geri çəkilmə olsun”.
Politoloqun da sonda dediyi kimi, Azərbaycan tərəfi bu tip erməni tələb və təkliflərinin heç birinə getməyəcək.
Bizim.Media