Banqkokda Azərbaycan və Tailand xarici işlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.
XİN-dən Bizim.Media-ya bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə bu ölkədə 11-12 dekabrda səfərdə olan xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib.
Tailand Krallığının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Vijavat İsarabhakdi rəhbərlik edib.
Məsləhətləşmələr zamanı "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Tailand Krallığının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu" imzalanıb.
Daha sonra iki ölkə arasında siyasi, iqtisadi-ticarət, mədəniyyət və turizm sahələrində əlaqələrin hazırkı durumu və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Tailand Krallığının xarici işlər naziri Sihasak Phuanqketkeov ilə keçirilmiş görüşdə iki ölkə arasında siyasi münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, Səfirliyin açılışının və ilk siyasi məsləhətləşmələrin müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi bildirilib.
Eyni zamanda, nazir müavini Elnur Məmmədov Tailand Krallığı Milli Assambleyasının prezidenti və Nümayəndələr Palatasının spikeri Vanmuhammadnoor Matha ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin mühüm rolu qeyd olunub, çoxtərəfli parlamentlərarası platformalarda təşəkkül tapmış səmərəli əməkdaşlıq məmnunluqla vurğulanıb.
Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Tailandın nüfuzlu TNN televiziya kanalına, eləcə də parlamentin televiziya kanalına müsahibələr verib.
Bununla yanaşı, xarici işlər nazirinin müavini Elnur Məmmədov Tailand Parlamentinin nəzdində fəaliyyət göstərən Kral Prajadhipok İnstitutunda Azərbaycanın xarici siyasət prioritetləri barədə çıxış edib və iştirakçıların suallarını cavablandırıb.





Bizim.Media






























































































