"Ümid edirəm ki, Ermənistan regionda yeni reallığı dərk edəcək, sülh və sabitliyin bərqərar olması istiqamətində bizim yanaşmamızı dəstəkləyəcək".
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova Latviyanın Baş naziri Arturs Krişyanis Karinş ilə görüşü zamanı deyib.
O bildirib ki, bu gün Ermənistanla Azərbaycan arasında münaqişə artıq mövcud deyil:
"10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli bəyanat münaqişəyə son qoyub və 44 günlük Vətən müharibəsi regionda yeni reallıqlar yaradıb. İndi Azərbaycan öz imkanları hesabına işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirir.
Azərbaycan artıq Ermənistana bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması ilə bağlı bir sıra təkliflər verib. Azərbaycan müharibədən yox, sülh və gələcək haqqında danışmaq istəyir".
Bizim.Media