Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar Institutunun rəhbəri Əli Məsimli “Ramiz Mehdiyev işi” ilə bağlı açıqlama yayıb və onu ittiham edən ADP sədri Sərdar Cəlaloğluna cavab verib.
Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, deputatın rəhbərlik etdiyi İqtisadi və Sosial İnnovasiyalar Institutunun yaydığı məlumatda bildirib ki, bu ilin oktyabrında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində Cinayət Məcəlləsinin bir sıra ağır maddələri, o cümlədən dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər maddəsi ilə ittihamın irəli sürülməsi ölkədə böyük əks-səda yaradıb:
”Ramiz Mehdiyevin işi” ilə bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli barəsində 2 ay 15 günlük həbs qətimkan tədbirinin seçilməsi bu məsələ ətrafında müzakirələri daha da gücləndirib. Proses hələ başa çatmayıb və onun gedişində təbii surətdə istintaqa cəlb olunanlar, ifadəsi alınanlar və s. var.
Eyni zamanda mövzu ətrafında gedən müzakirələrdə müxtəlif səpgilərdə xeyli adamın adları da hallandırılır. “Ramiz Mehdiyevin işi” ilə bağlı irəli sürülən ittihamlar sıradan bir ittiham olmadığından, bunu təbii hal hesab edilə biləcək tərəfi ilə yanaşı, yayındırıcı xarakterli tərəfləri də var.
Bu kontekstdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Media Türk TV-yə müsahibəsində Əli Kərimlinin müavinləri olmuş Fazil Mustafa, Qüdrət Həsənquliyev, Əli Məsimli və digərlərinin Əli Kərimlinin hakimiyyətin müxtəlif qolları ilə əlaqə yaratmasında vasitəçi olması barədə fikirləri ilə əlaqədar bildirirəm ki, mən heç vaxt Əli Kərimlinin müavini olmamışam.
Əksinə, Azərbaycan Xalq Cəbhəsi bütöv olan vaxtlarda digər müavinlərlə yanaşı, Əli Kərimli də, mən də AXCP sədri Əbülfəz Elçibəyin müavinləri olmuşuq.
2000-ci ildə Əbülfəz Elçibəy vəfat etdikdən sonra Xalq Cəbhəsi iki qola ayrılanda isə mən Əli Kərimlinin sədr olduğu partiyada sədr müavini yox, Mirmahmud Mirəlioğlunun sədr olduğu Klassik Xalq Cəbhəsi Partiyasında Ali Məclisin sədri olmuşam. 2000-ci ildə Xalq Cəbhəsi iki qola ayrılandan sonra keçən bu 25 il ərzində müxtəlif təşkilatların düzənlədiyi tədbirlərdə iştirak edən zaman Əli Kərimli ilə üz-üzə gəldiyimiz anlarda bir-iki dəfə ayaqüstü salamlaşmağımız istisna olmaqla, təmasımız olmayıb”.
Açıqlamada daha sonra deyilir:
“Ona görə də belə fikirlərin ortaya atılması bilərəkdən və ya bilməyərəkdən cəmiyyəti “Ramiz Mehdiyevin işi” ilə bağlı əsas məsələlərdən yayındırıb başqa məcralara yönəltmək məqsədi daşıyır”.
Bizim.Media
































































































