Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırılıb. Artıq Ordubad rayonunda, Ermənistanla sərhəddə tikinti işlərinə start verilib.
Bu barədə Bizim.Media-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Məlumatda deyilir ki, tikinti işləri 188 kilometrlik dəmiryol xəttini əhatə edir. Məqsəd müasir tələblərə cavab verən yeni dəmir yolu şəbəkəsinin qurulmasıdır.
Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək.
2025-ci il avqustun 8-də Vaşinqtonda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) açılmasına dair razılaşma çərçivəsində Zəngəzur dəhlizi boyunca dəmir yolu əlaqəsi bərpa olunacaq.
Orta dəhlizin mühüm tərkib hissəsi kimi Avropa və Asiya arasında yükdaşımalarda mühüm marşrut kimi qiymətləndirilən Zəngəzur dəhlizi Şimal-Cənub dəhlizinin də əsas halqalarından birini təşkil edəcək.
Surxay Atakişiyev, Bizim.Media

































































































