ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibəni bitirməklə bağlı 28 bəndlik sülh planının irəli sürülməsi fonunda Ukrayna lideri Volodimir Zelenskiyə qarşı təzyiqlər artır.
Hansı ki, planda Kiyevdən Donetsk və Luqansk vilayətlərindən tam imtina etmək tələb olunur.
MÖVZU İLƏ BAĞLI:
Avropanın Ukrayna müharibəsinin başa çatdırılması üçün hazırladığı SƏNƏD - TAM MƏTN
Eyni zamanda, sözügedən planın ərsəyə gəlməsi ərəfəsində Ukraynada baş qaldıran korrupsiya qalmaqalı aydın məsələdir ki, ilk növbədə məhz Zelenskiyə təklifi qəbul etmək üçün təsir göstərmək baxımından ortaya atılıb.
Xatırladaq ki, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) “Enerqoatom”da ciddi korrupsiya sxemi aşkarlayıb. İstintaqın gəldiyi qənaətə görə, sxemin icraçısı Prezident Zelenskinin yaxın tərəfdaşı, “Kvartal-95” studiyasının həmtəsisçisi Timur Mindıç olub. Bundan başqa iki nazir istefaya getməli olub. Ən başlıcası isə korrupsiya sxeminin başında duran şəxsin Ukrayna Prezident Aparatı Ofisinin rəhbəri Andrey Yermakın olduğu üzə çıxıb.
Dünən Cenevrədə Avropa liderləri, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə keçən görüşdə Trampın təklifinə müəyyən yumşalmalar təklif edilib. Amma görünən odur ki, Zelenskiyə Ağ Evdən gələn sülh planı ilə bağlı verilən son tarix - yəni noyabrın 27-dək qəbul etmək tələbi qüvvədə qalır.
Görəsən, Trampın sülh planını qəbul etməsə, Zelenskini nə gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, Cenevrə danışıqları fonunda vəziyyətin bir qədər yumşalması ehtimalı var. Lakin Ukrayna Prezidenti təklifləri qəbul etməsə, ona qarşı təzyiqlər daha da artacaq və nəticədə Zelenskinin mövqeyi xeyli dərəcədə sarsılacaq:
“Tramp adminstrasiyası Zelenskiyə sülh planını qəbul etdirmək üçün təzyiqləri artırır. Tramp hətta 27 noyabra qədər vaxt vermişdi. Plan qəbul edilməyəcəyi təqdirdə, Vaşinqton Kiyevi kəşfiyyat məlumatları və silah-sursatla təmin etmək məsələsinə yenidən baxacaq.
Amma dünən Cenevrədə Avropa İttifaqı liderləri Trampın irəli sürdüyü sülh planına yenidən baxılması, müəyyən maddələrə düzəlişlər edilməsilə bağlı yeniləşmiş sülh planı təklif ediblər.
Son məlumata görə Tramp adminstrasiyası ilə qarşı tərəflər bu məsələdə ortaq mövqeyə gələ bilib. Görünür, Tramp özünün təqdim etdiyi 28 bəndlik sülh planına dəyişikliklərin olmasına razılıq verib. Ona görə də 27 noyabrdan sonra Zelenskinin təbirincə desək, “Ukraynanın ya layəqətsiz vəziyyətə düşəcəyi, ya da yaxın müttəfiqi itirəcəkləri” vəziyyət baş verməyə də bilər. Yəni Cenevrə danışıqlarından sonra vəziyyət bir qədər yumşala bilər”.
Deputat hesab edir ki, Trampın təklif etdiyi 28 maddədə ciddi dəyişikliklərin olacağına olan ümidlər olduqca azdır:
“Zelenski bu fonda sülh planını qəbul etməsə, aydın məsələdir ki, kənardan dəstək tapmayacağı təqdirdə, mövqeləri xeyli sarsılacaq. Nəzərdən qaçırmayaq ki, indiki halda ölkə daxilindəki korrupsiya qalmaqalı da Zelenskinin mövqeyinin zəifləməsinə rəvac verir. Onun ən yaxın ətrafı korrupsiyada ittiham olunur. Hətta Zelenskiyə ən yaxın olan aparat rəhbəri Andrey Yermakın istefası da tələb olunur. Korrupsiya qalmaqalında onun əsas simalardan biri olduğu iddia edilir.
Vaşinqtonun da Zelenskiyə təsir göstərmək üçün əsas rıçaqlardan biri məhz korrupsiya qalmaqalıdır. Zelenski Vaşinqtonun irəli sürdüyü sülh planı ilə, hətta onun yumşalmış versiyası ilə razılaşmasa, korrupsiya qalmaqalı daha da böyüyə bilər. Orada elə adlar çəkilə bilər ki, nəticədə Zelenskinin mövqeləri son dərəcədə zəifləyər”.
Rüfət Sultan, Bizim.Media
































































































