Gözlənildiyi kimi, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın müharibəni dayandırmaqla bağlı 28 bəndlik sülh sənədilə tanış olduqdan dərhal sonra, məsələni Avropadakı müttəfiqlərlə müzakirə etmək üçün Fransa, Almaniya və Böyük Britaniya liderlərilə telefon əlaqəsi saxlayıb.
Xarici mətbuatın yazdığına görə, Almaniya Kansleri Fridrix Merts Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Ukrayna lideri Volodimir Zelenski arasında baş tutan telefon danışılqları nəticəsində Ukrayna və Avropa liderləri ABŞ sülh planının əsas bəndlərini rədd ediblər.
MÖVZU İLƏ BAĞLI:
Avropanın Ukrayna müharibəsinin başa çatdırılması üçün hazırladığı SƏNƏD - TAM MƏTN
Almaniya hökumətinin bununla bağlı bəyanatına deyilir ki, müttəfiqlər Ukrayna ordusunun ölkənin suverenliyini müdafiə etmək qabiliyyətini saxlaması və hazırkı təmas xəttinin istənilən sülh danışıqları üçün başlanğıc nöqtəsi olması qənaətinə gəliblər.
Tərəflər həmçinin qeyd ediblər ki, Avropa dövlətlərinə, Aİ-yə və ya NATO-ya aidiyyəti olan hər hansı bir razılaşma avropalı tərəfdaşların razılığını və ya müttəfiqlər arasında konsensus tələb edir. Fransa, Almaniya və Böyük Britaniya liderləri bildiriblər ki, onlar Ukraynanın suverenliyinə sadiq olmaqla bərabər, Kiyevə etibarlı təhlükəsizlik zəmanətləri də verməyə hazırdırlar.
Görəsən, Avropa liderlərinin Trampın Ukrayna ilə bağlı sülh planını rədd etməsi nə ilə yekunlaşacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, Trampın planı təslim aktı olduğundan Zelenski ilə yanaşı Avropa liderlərinin də onu qəbul etməmələri gözlənilən idi:
“Trampın 28 bəndlik sülh planı onun Piutinlə Alyaskada razılaşdırdığı plandır. Planda demək olar Rusiyanın əksər tələbləri nəzərə alınıb. Zelenski və Avropa liderlərinin bu planı qəbul etməmələri də təbiidir. Çünki plan təslim aktıdır. Zelenski də buna gedə bilməz, bundan qat-qat əlverişli şərtlər təklif olunanda onu qəbul etməyib. Müharibə ərəfəsində təklif olunmuşdu ki, neytrallığını elan etsə, Rusiya hətta Krım istisna olmaqla Donetsk və Luqanskdan da çıxmağa hazır idi”.
Ekspert qeyd edib ki, hazırda Zelenski çıxılmaz vəziyyətdədir:
“Bir tərəfdən ən yaxın ətrafı korrupsiyaya bulaşıb. O, hətta müstəqil olan korrupsiya qurumlarını bir neçə ay bundan əvvəl uğursuz şəkildə özünə tabe etdirməyə cəhd etdi. ABŞ da ultimatum verib ki, sülh planı qəbul olunmasa, Vaşinqton Ukraynaya yardımları dayandıracaq. Bu səbəbdən Trampın ultimatumu kifayət qədər ciddi təhlükədir”.
Həmsöhbətimizin fikrincə, Avropa liderləri Trampın sülh planını rədd etsələr də, öz maraqlarını qəbul etdirmələri üçün də güc lazımdr ki, bu da onlarda yoxdur:
“Avropa liderlərinin Trampın şərtlərini qəbul etməməsi müsbət hadisədir. Ancaq bununla bərabər Ukraynaya kömək etmək lazımdır. Kiyevə yardımlar hər il üçün 120-150 milyard avro səviyyəsinə çatdırılmalıdır ki, Ukrayna irəli gedə və Rusiyanı müəyyən güzəştlərə getməyə məcbur edə bilsin. Lakin Avropanın buna imkanı yoxdur. Bu fonda Zelenski aparıcı Avropa liderlərilə birlikdə çox şey hazırlaya bilər. Ancaq onu qəbul etdirmək üçün güc lazımdır ki, bu da onlarda yox dərəcəsindədir”.
“Zelenskinin başqa yolu yoxdur”
Ekspert güman edir ki, sonda Avropa liderlərinin yönləndirməsilə Zelenski hansısa cüzi dəyişikliklərlə planı qəbul etməli olacaq:
“Çünki başqa yol yoxdur. Başqa yol ciddi yardımlardır ki, Avropanın da buna imkanı yoxdur. Noyabrın 27-ə qədər olmasa da, hər halda ilin sonuna kimi, planın qəbul edilməsi ehtimalı var”.
Rüfət Sultan, Bizim.Media
































































































