21 noyabr tarixində “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun açılış mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, Regional və beynəlxalq müstəvidə informasiya mübadiləsinin təkmilləşdirilməsi, media sahəsində əməkdaşlığın gücləndirilməsi, dezinformasiyaya qarşı mübarizə üzrə birgə mexanizmlərin formalaşdırılması, rəqəmsal media istiqamətində birgə layihələrin təşviqi və təcrübələrin paylaşılması məqsədilə təşkil olunan forumun açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda D-8 Media Forumu keçirilir – FOTO
Sonra çıxış edən D-8 Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam üzv ölkələr arasında vahid, etibarlı və konstruktiv informasiya mühitinin formalaşdırılması üçün medianın rolunun həlledici olduğunu, dezinformasiya ilə mübarizədə koordinasiyalı fəaliyyətin zəruriliyini diqqətə çatdırıb.
O əlavə edib ki, D-8 məkanında ortaq informasiya gündəminin formalaşdırılması, üzv ölkələrin inkişaf prioritetlərini dəstəkləyən media narrativlərinin təşviqi gələcək əməkdaşlıq üçün strateji əhəmiyyət daşıyır.
Forumun əsas məruzəçisi (“keynote speaker”) Pakistanın federal informasiya və yayım naziri Attaullah Tarar çıxışında forumun D-8 ölkələri arasında media əməkdaşlığının genişlənməsi, innovativ təcrübələrin paylaşılması və qlobal informasiya axınında mövcud çağırışlara münasibətdə birgə yanaşmaların müəyyən olunması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini deyib.
O, Forumun nəticələrinin regionda daha koordinasiyalı və etibarlı media mühitinin formalaşmasına ciddi töhfə verəcəyini qeyd edib.
Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Türkiyədən olan nümayəndələr media mühitində qarşılaşılan qlobal çağırışların üzv dövlətlər arasında daha sıx birlik və koordinasiya tələb etdiyini bildiriblər.
Qeyd olunub ki, informasiya axınının çoxvektorluğu, rəqəmsal platformalarda yanlış və manipulyativ məzmunun sürətlə yayılması kimi tendensiyalar ortaq səylərin zəruriliyini daha da artırır.
Məruzəçilər, həmçinin üzv ölkələrin media qurumları və müvafiq dövlət strukturları arasında institusional əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin təşkili və süni intellektin formalaşdırdığı yeni reallıqlar fonunda medianın funksiyasının həm mahiyyət, həm də format baxımından yenidən müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb, D-8 çərçivəsində ilk media forumun keçirilməsini yüksək qiymətləndiriblər.
Daha sonra Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov tərəfindən D-8 Media Mükəmməllik Mərkəzinə dair təqdimat edilib.
Təqdimatda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü kimi Azərbaycanın ötən müddət ərzində həyata keçirdiyi tədbirlər və irəli sürdüyü təşəbbüslər barədə ətraflı məlumat verilib, xüsusilə D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması istiqamətində görülən işlər, onun struktur və funksional istiqamətləri, eləcə də üzv dövlətlər arasında media sahəsində bilik və təcrübə mübadiləsini təşviq edəcək platformaların formalaşdırılması üzrə nəzərdə tutulan addımlar diqqətə çatdırılıb.


















Bizim.Media























































































