Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə general-mayor Kənan Əlihüseyn oğlu Seyidova və general-mayor Ağamir Əzizxan oğlu Sultanova general leytenant ali hərbi rütbəsi verilib.
Bizim.Media general-leytenant rütbəsi verilən hərbçilərin dosyesini təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
Prezidentdən Kənan Seyidov və Ağamir Sultanovla bağlı SƏRƏNCAM
Kənan Seyidov
Kənan Əlihüseyn oğlu Seyidov 23.12.1974-cü ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub.
O, uzun illər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 24 iyun 2003-cü ildə "Azərbaycan Bayrağı" ordeni ilə, 24 iyun 2006-cı ildə "Vətən uğrunda" medalı ilə təltif edilib.
2016-cı ilin 2-5 aprelində Azərbaycan–Ermənistan arasında baş verən silahlı toqquşma zamanı fərqlənib, 20 aprel 2016-cı ildə "İgidliyə görə" medalı ilə təltif edilib.
Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini – Qərargah rəisi vəzifəsinə təyin olunub. 2020-ci ilin sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı fərqlənib. Xüsusi xidmətləri nəzərə alınaraq Vətən Müharibəsi Qəhrəmanı adı verilib, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2020-ci il tarixli 2300 nömrəli sərəncamı ilə Kənan Seyidova general-mayor ali hərbi rütbəsinin verilib.
23 iyun 2021-ci ildə Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini – Qərargah rəisi vəzifəsindən azad edilib və 5-ci Ordu Korpusunun Komandiri vəzifəsinə təyin edilib.
K. Seyidov 5-ci Ordu Korpusunun Komandiri olduğu müddətdə — noyabr 2021-ci ildə, aprel 2023-cü ildə və may 2023-cü ildə Azərbaycan–Ermənistan sərhədində baş verən silahlı toqquşmaların həllində rol alıb.
2021-ci ilin iyununda 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 2023-cü ilin noyabrında isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Ötən ilin iyulunda general-mayor Kənan Seyidov Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə təyin edilib.
Ağamir Sultanov
Ağamir Sultanov 21 yanvar 1970-ci ildə Ağsuda anadan olub. O, Raket və Artilleriya Qoşunlarının komandanıdır.
Ağamir Sultanov 20 iyun 1994-cü ildə "Azərbaycan Bayrağı" ordeni, 25 iyun 2013-cü ildə "Vətən uğrunda" medalı, 20 aprel 2016-cı ildə "İgidliyə görə" medalı ilə təltif olunub.
O, Vətən müharibəsində iştirak edib. 7 dekabr 2020-ci il tarixində Ağamir Sultanova "general-mayor" ali hərbi rütbəsi verilib.
Bizim.Media
























































































