Xəbər verdiyimiz kimi, Rusiya “Burevestnik” adlı qanadlı nüvə raketini uğurla sınaqdan keçirib.
Rusiya Prezidenti Vladimir Putin raketin texniki xüsusiyyətlərinin və mümkün istifadə istiqamətlərinin müəyyənləşdirilməsi, həmçinin raketin Rusiya Silahlı Qüvvələrində yerləşdirilməsi üçün zəruri infrastrukturun hazırlanması barədə göstəriş verib.
Rusiyanın yeni nüvə raketinin anonsunu verməsi fonunda Böyük Britaniya nüvə başlıqlarını Almaniyaya göndərməyə hazırlaşır.
ABŞ-ın da məsələyə reaksiyası gecikməyib.
Belə ki, Donald Tramp jurnalistlərin “Burevestnik”lə bağlı sualına belə cavab verib:
"Onlar bilirlər ki, bizdə dünyanın ən yaxşı nüvə sualtı qayığı var və o, birbaşa Rusiya sahillərindədir. Beləliklə, bizim 8000 mil uçmağımıza ehtiyac yoxdur", - o vurğulayıb.
Göründüyü kimi, Rusiyanın yeni raketi dünya siyasi arenasında gərginliyin yenidən artmasına səbəb olub.
Proseslər necə cərəyan edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən siyasi şərhçi Abutalıb Səmədov düşünür ki, Londonun Almaniyada nüvə silahı yerləşdirməsinin prosesin gedişinə elə də ciddi təsiri olmayacaq:
“Rusiya dünyanın ən uzun mənzilli raketi olan “Burevestnik”i snaqdan keçirib. İddialara görə, bu nüvə reaktoru ilə işləyən və illərlə göydə qalmaq potensialına malik unikal raketdir. Hava hücumundan müdafiə sistemləri onu demək olar ki, görmür. Sınaq zamanı 15 saat havada qalaraq, 14 min km. məsafə qət edib”.
Əsas hədəf ABŞ-dır
Ekspert bildirir ki, sınaqdan keçirilən bu raket birbaşa ABŞ-a ünvanlanan mesajdır:
“Məqsəd isə Rusiyanın daim istifadə etdiyi nüvə hədəsini yenidən dövriyyəyə buraxmaq və Prezident Donald Trampı Ukraynaya dəstəkdən çəkindirməkdir. Alyaskada ciddi razılaşmalar olub və onun əsasında Kreml Kiyevi sülhə məcbur etmək istəyir. Bununla həmçinin, Putin Avropanın Trampa göstərdiyi təzyiqlərin qarşısını almağa çalışır”.
Tramp Ukrayna məsələsində mövqeyindən geri çəkilə bilər.
Həmsəhbətimiz “Burevestnik” raketlərinin Trampın hazırda sərgilədiyi mövqeyə müəyyən qədər təsir edəcəyini də tamamilə mümkün hesab edir:
“Böyük Britaniyanın Almaniyada nüvə silahı yerləşdirməsi isə elə də ciddi hadisə deyil. Bu hadisə prosesin gedişində elə bir dəyişiklik yaratmayacaq. Moskva Avropanın potensialını və gücünü yaxşı bilir. “Burevestnik” məsələsində əsas hədəf ABŞ-dır və bu addım silahlanma yarışını gücləndirəcək. Eyni zamanda, bu Ukrayna müharibəsinə və danışıqlara da təsir gösərə bilər. Bu raketin sınağından sonra Trampın Putinlə görüşmək istəyi artacaq. Kremlin hədəfi budur”.
Qeyd edək ki, nüvə güc qurğusu ilə işləyən "Burevestnik" qanadlı raketinin məsafə məhdudiyyəti yoxdur. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun sözlərinə görə, "Burevestnik"in sınaq zamanı 14 min kilometr məsafə qət edib və təxminən 15 saat havada qalıb. Raketin texniki xüsusiyyətləri onun istənilən məsafədə yüksək dərəcədə qorunan obyektlərə qarşı zəmanətli dəqiqliklə tətbiq edilməsinə imkan verir.
Rüfət Sultan, Bizim.Media




























































































