Yanvarın 27-də Qırğızıstan-Tacikistan sərhədində baş verən növbəti gərginlik fonunda MDB məkanında diqqətlər yenidən bu regiona yönəlib. Əksəriyyətin Ukraynada müharibə mesajları verdiyi bir vaxtda toqquşmanın sədasının Orta Asiyadan gəlməsi növbəti Qazaxıstan olayları ssenarisinin meydana çıxması ehtimallarını artırıb.
Təbii ki, yanvarın əvvəllərində də Qırğızıstanın şimal qonşusu Qazaxıstanda baş verən məlum olaylar Ukrayna məsələsini ikinci plana atmağı bacarmışdı.
MÖVZU İLƏ BAĞLI:
“Qazaxıstanda KTMT qüvvələrindən uğurla istifadə edildi” - Medvedev
Onu da xatırladaq ki, Qırğızıstan Qazaxıstanda baş verənlərə digər KTMT qüvvələri kimi reaksiya verməmişdi. Qırğız siyasilər heç də birmənalı mövqe ortaya qoymamışdılar. Lakin parlamentarilərin, ictimaiyyət nümayəndələrinin dərin tərəddüdünə və fikir ayrılıqlarına rəğmən sonda Qırğızıstanda da KTMT-nin Qazaxıstan kampaniyasına qoşulmağa məcbur oldu.
Digər önəmli nüans isə, Tacikistanla Qırğızıstan arasında qaynar nöqtələrin varlığıdır. Xatırladığımız kimi, ötən ilin mayında da tərəflər arasında ciddi insan tələfatı ilə müşayət olunan toqquşmalar baş vermişdi.
Hələ o dövrdə əksər siyasi ekspertlər bunu böyük güclərin eksperimenti kimi dəyərləndirmişdilər.
Əsas ideya isə ondan ibarət idi ki, həmin güclər Orta Asiyada gərginliyin hansı səviyyədə olduğunu və maraqlarına uyğun olduğu vaxtlarda həmin qaynar nöqtələri yenidən alovlandırmaq potensialını qiymətləndirmək üçün bu addım atıblar.
Hazırda baş verən proseslər də onu göstərir ki, vəziyyəti bu cür təhlil edənlər heç də yanılmayıblar. Qazaxıstan olaylarında əsas səbəbkar kimi təqdim olunan Rusiya, görünür, bu dəfə arabanın digər arxa təkərini sökməyə çalışır. Qırğızıstan isə hər zaman partlamağa hazır olan çəllək olmağa davam edir.
Hadisələrin bu cür cərəyan etməsi yeni suallar meydana çıxarıb:
MDB məkanının durulmaq bilməyən suları bu dəfə Qırğızıstanımı ağuşuna alacaq? KTMT qoşunları üçün növbəti təlim poliqonu Qırğızıstanmı olacaq?
Bu sualları Bizim.Media üçün cavablandıran politoloq Zərdüşt Əlizadə bu ehtimalların yüksək olmadığını diqqətə çatdırıb:
“İnanmıram ki, KTMT qoşunları Qırğızıstan-Tacikistan sərhədindəki situasiyaya müdaxilə etsinlər. Yəqin ki, tərəflər öz aralarında problemi yoluna qoyacaqlar. Çünki problem iki tərəfin daxili məsələsidir”.
Zərdüşt Əlizadə Qırğızıstanda gərginliyin artmasının gözlənilən olmadığını da sözlərinə əlavə edib.
Murad Əhmədov, Bizim.Media