“Budapeştdə danışıqlardan imtina və ya görüşün təxirə salınması onu göstərir ki, indi Kremlin şərh etdiyi şərtlərlə, yəni xüsusi hərbi əməliyyatın əsasını təşkil edən məsələlərin həlli ilə bağlı sülh razılaşması əldə olunacaq”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiyanın Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov deyib.
MÖVZU İLƏ BAĞLI:
Putin HƏDƏLƏDİ: Rusiyaya “Tomahawk” raketləri ilə zərbələr endirilsə…” - VİDEO
ABŞ liderinin Rusiya prezidenti ilə Budapeşt görüşünü ləğv etməyini şərh edən politoloq Kremlin müharibəni bitirmək üçün irəli sürdüyü şərtləri şərh edib:
“Bura Ukraynanın denasifikasiyası, demilitarizasiya və hazırki iqtidarın gedişi daxildir. Ukraynanın bloklara qoşulmaması, onun ərazisində xarici silahlı qüvvələrin yerləşdirilməsinə qadağa qoyulması və nüvə silahının yerləşdirilməməsinə dair razılaşma, başqa sözlə, Rusiya Federasiyasının Ukrayna ərazisindən təhlükəsizliyinin təmin edilməsi əsas şərtlərdir. Bunlar xüsusi hərbi əməliyyatın əsasını təşkil edən əsas tələblərdir. Onlar aradan qaldırılmalıdır və sülh sazişləri də məhz bu məsələyə toxunmalıdır”.
Solonnikov hesab edir ki, Rusiya işğal etdiyi Ukrayna ərazilərinə tam nəzarət etməli və bu, sülh müqaviləsində də əksini tapmalıdır:
“Digər ölkələr tərəfindən həmin ərazilərin Rusiya Federasiyasının bir hissəsi olması faktının hüquqi tanınması məsələsi də var. Bu, xüsusi hərbi əməliyyatın ilkin şərti deyildi, lakin bu günə qədər onun həyata keçirilməsinin nəticəsidir. Əgər Qərb dövlətləri indi bu şərtləri qəbul edərək hərbi əməliyyatları dayandırmağa hazır deyillərsə, qarşı tərəf bu şərtləri qəbul edənə qədər döyüşlər davam edəcək. Lazım olsa, şərtlərimiz qəbul edilənə qədər rus qoşunları Kiyevə və ya Ukraynanın qərb sərhədinə çatacaq”.
Politoloq əlavə edib ki, Rusiyanın şərtləri tam qəbul edildikdən sonra de-fakto demilitarizasiya, pre-nasifikasiya olacaq:
“Başqa alternativ yoxdur. Rəsmi Moskvanın dəfələrlə bəyan etdiyi kimi, xüsusi hərbi əməliyyatın əvvəlində qarşıya qoyulan bütün məqsədlər həyata keçiriləcək”, - deyə D.Solonnikov əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media





























































































