İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünya miqyasında güclü aktora çevrilməkdədir. Son həftələrdə Dövlət başçısının müxtəlif coğrafiyalarda təşkil olunan mühüm tədbirlərdə iştirakı da Azərbaycanın artan nüfuzunun əyani sübutudur.
15 gün ərzində dörd Zirvə toplantısı
Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Dövlət başçısı çıxışında dünyaya ünvanladığı sülh mesajları beynəlxalq ictimaiyyət tərəfindən böyük diqqətlə qarşılanıb.
Oktyabrın 2-də İlham Əliyev Danimarkanın paytaxtı Kopenhagen şəhərində “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak edib. Səfər çərçivəsində Dövlət başçısı Avropa İttifaqı liderləri, o cümlədən bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər keçirib.
Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, Prezident İlham Əliyevin Kopenhagendə keçirdiyi görüşlər qarşı tərəfin müraciətləri əsasında baş tutub.
Oktyabrın 7-də isə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə 12-ci Zirvə Görüşü keçirilib. Azərbaycanın uğurla ev sahibliyi etdiyi görüşdə qardaş ölkələrin liderləri bir araya gəliblər. İlham Əliyev sammitdəki çıxışında Türk dövlətlərinin inteqrasiyası və əməkdaşlıq perspektivləri ilə bağlı mühüm təkliflər irəli sürüb.
Bundan əlavə, digər türk liderlər də TDT-nin inkişafı, beynəlxalq gücə çevrilməsi ilə bağlı təkliflərlə çıxış ediblər. Nəticədə Qəbələ görüşü faktiki olaraq TDT-nin gələcək inkişafı üçün tarixi addıma çevrildi.
Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak edib. Bütün dünyanın diqqət mərkəzində olan Sammitdə İlham Əliyevin iştirakı Azərbaycanın artan nüfuzunu bir daha sübuta yetirib.
Azərbaycanın qlobal proseslərdə artan rolu
Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycan öz dövlətçilik tarixinin tamamilə yeni səhifəsinə qədəm qoyub:
“Yeni mərhələnin tarixi hərbi nöqteyi-nəzərdən 2020-ci ildən başlayırsa, onun tam yeni mərhələsi 2023-cü ildə keçirilən lokal antiterror əməliyyatından sonra başlayır. 2020-ci ildən bu günə qədər yaşadığımız 5 il yeni hüquqi-siyasi reallıqlar 2025-ci ildə avqust ayının 8-də ABŞ-da keçirilən üçtərəfli görüşdə bir növ ilkin mərhələsini başa çatdırmış oldu. Bu da yeni reallığın bütün dünyada siyasi və hüquqi kontekstdə qəbul edilməsi ilə nəticələndi.
Bu hadisələr isə olduqca cəsarət, qətiyyət, müdriklik tələb edən və idarəolunmasında yüksək siyasi peşəkarlıq tələb edən hadisələr idi.Azərbaycan bunu etməyi bacardı, Azərbaycan Prezidenti bütün bu proseslərin - hərbi, siyasi və diplomatik memarıdır.
Hazırki mərhələdə Azərbaycan beynəlxalq münasibətlər sistemində oynadığı rolu daha da artıra bilib, çox böyük nüfuz sahibinə çevirilib. Son aylarda baş verən bir neçə hadisə dünya siyasətinin gələcək yeni nizamını təyin edən və bununla bağlı qərarların qəbul olması üçün platforma yaradan hadisələrdir.
Məsələn, Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin Zirvə görüşü, Azərbaycanda keçirilən Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşü, Misirdə keçirilən Yaxın Şərq Sülh Konfransı - bütün bunların hər birində Azərbaycanın arzuedilən qonaq olması, hadisələrə müdaxilə etmək imkanının mövcud olması Azərbaycanın böyüklüyündən xəbər verir.
Yəni, Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin görüşündə Azərbaycan Prezidentinə olan diqqət, maraq həm beynəlxalq təşkilatların, həm də ayrı-ayrı ölkə başçılarının Azərbaycanla münasibəti və Azərbaycanın yaratdığı imkanlardan bəhrələnmək cəhdləri gündəmə möhür vuran hadisə oldu.
Ən nəhayət, Misirdə keçirilən Yaxın Şərq Sülh Konfransında dünyanın 2 min ildir davam edən ən mürəkkəb probleminin həll olunmasında Azərbaycana ehtiyac duyulması və Azərbaycana yer və rol verilməsi, azərbaycanlı sülhməramlıların Qəzzada iştirakının zərurəti ilə bağlı fikirlərin səsləndirilməsi olduqca qürurverici hadisələrdir.
Bütün bunların həm siyasi, həm hərbi, həm diplomatik memarı Azərbaycan Prezidentidir. Yaranmış yeni vəziyyət isə xalq və dövlətimiz üçün bundan sonrakı mərhələdə daha böyük perspektivlər vəd edir”.
Bizim.Media