“Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan və Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində əsas rol oynayır və siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün təsirli platforma rolunu oynayır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "Kazinform" agentliyinə müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib ki, 2009-cu ildə qədim Azərbaycan torpağı - Naxçıvanda qurulan Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə və həmrəyliyin gücləndirilməsinə böyük töhfə verib.
Azərbaycan Prezidenti TDT-nin ötən il Şuşada ilk qeyri-rəsmi Sammitinin, bu yaxınlarda isə Qəbələdə Dövlət Başçıları Şurasının 12-ci Zirvə Toplantısının keçirildiyini xatırladıb.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bu yüksək səviyyəli görüşlər zamanı ölkələrimizin təşkilat çərçivəsində əməkdaşlığının əsas məsələlərinə, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, türk dünyasının sıx birləşməsinə, siyasi, iqtisadi və hərbi qüdrətinin artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə kömək edən bəyannamələr imzalanıb.
"Mədəni-humanitar və təhsil sahələrində ölkələrimiz arasında TDT çərçivəsində əməkdaşlıq sistemli və mütərəqqi xarakter daşıyır. Birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi axşamların və konfransların təşkilindən tutmuş elmi və təhsil müəssisələrinin fəal qarşılıqlı fəaliyyətinə qədər geniş istiqamətləri əhatə edir", - Prezident əlavə edib.
Bizim.Media