“Bu, mənim son üç ildə qardaş ölkəmizə yeddinci səfərimdir. Mən Qazaxıstana hər səfərimdə dinamik inkişafın, yeni uğurların şahidi olmaqdan məmnunam”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın “Kazinform” agentliyinə müsahibəsində bildirib.
“Bu nailiyyətlər Prezident Qasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətindən xəbər verir. Ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusilə heyranedicidir.
Bu nailiyyətlər münasibətilə bütün qardaş Qazaxıstan xalqını təbrik etmək istərdim.
Eyni müddət ərzində prezident Qasım-Jomart Tokayev altı dəfə Azərbaycana səfər edib.
Bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyətin inkişafına qarşılıqlı sadiqliyimizi nümayiş etdirir.
Bundan əlavə, müntəzəm təmaslar bizə gündəlikdəki aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqelər hazırlamağa imkan verir”, - deyə Dövlət Başçısı bildirib.
Bizim.Media