Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın Qəzzanın yenidən qurulması üzrə 20 bənddən ibarət planı çərçivəsində əraziyə sülhməramlı missiyanın göndərilməsi də əsas məsələlər sırasında yer alır.
Bu fonda ABŞ rəsmiləri “Beynəlxalq Stabilləşdirmə Qüvvələri”nin yaradılması üçün müvafiq ölkələrlə müzakirələrin davam etdiyini qeyd ediblər. Onlar həmçinin prosesin müsbət yöndə irəlilədiyini vurğulayıblar.
MÖVZU İLƏ BAĞLI:
Qəzzada sülhməramlı missiyada Azərbaycan da iştirak edə bilər – KİV
Qəzza zolağında vəziyyəti stabilləşdirmək məqsədilə planlaşdırılan sülhməramlı missiyada iştirak üçün İndoneziya, Azərbaycan və Pakistan kimi ölkələr əsas namizədlər qismində önə çıxırlar.
Bu barədə “Politico” nəşri Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, adıçəkilən bu ölkələrin iştirak etdiyi qüvvələrin formalaşdırılması barədə danışıqlar aparılır, lakin hələlik heç bir ölkə sülhməramlı missiyaya qatılacağını rəsmi şəkildə təsdiqləməyib.
Azərbaycanın sülhməramlı təcrübəsi
Xatırladaq ki, Azərbaycan sülhməramlı fəaliyyət sahəsində də geniş təcrübəyə malikdir. Ölkəmiz ötən illər ərzində sülhməramlı missiyanın tərkibində Kosovo, İraq və Əfqanıstanda fəaliyyət göstərib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Bizim.Media-ya açıqlamasında qeyd etdi ki, Azərbaycanın sülhməramlı missiyalarda müsbət iştirak təcrübəsi var:
“Sülhməramlı missiyalarda iştirak edən Azərbaycan kontingentinin həmişə yerli əhali ilə təmasları rəvan olub. Azərbaycan sülhməramlılarının bu günə qədər olduğu nöqtələrdə hər hansı bir insident baş verməyib”.
Qəzzada sülhməramlı qismində iştirakımız mümkündür.
Deputatın fikrincə, Qəzza zolağında sülhməramlı missiyada təmsil olunmaq üçün dəvət alsaq, burada iştirakımız mümkündür:
“Azərbaycanın bu günlərdə Misirdə keçirilən Yaxın Şərq üzrə sammitə dəvət edilməsi də ölkəmizin böyük nüfuza sahib olmasının nəticəsidir. Bu hal da onu göstərir ki, ölkəmizin Yaxın Şərq üzrə prosesdə iştirakı yüksək qiymətləndirilir. Bu mənada Qəzzada sülhməramlı missiyanın tərkibində iştirakımız müsbət nəticələr verəcək. Qeyd edək ki, Azərbaycan həmçinin Qəzzada orta məktəb tikmək öhdəliyini də elan edib”.
Rüfət Sultan, Bizim.Media