"Mən həmişə Belarus prezidentinin sözlərinə qulaq asmağı məsləhət görürəm. Xatırlayın, 2014-cü ildən, Minsk razılaşmaları imzalanandan bəri, onun sözləri həmişə özünü doğrultub. Daha da əhəmiyyətlisi, əgər Ukrayna Lukaşenkonu dinləsəydi, müharibə olmazdı".
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Belarus parlamentinin Beynəlxalq məsələlər üzrə komissiyasının sədrinin müavini, Prezident Palatasının deputatı Oleq Qaydukeviç deyib.
MÖVZU İLƏ BAĞLI:
Lukaşenkodan dünyanı qorxuya salan XƏBƏRDARLIQ – Nüvə müharibəsinin ANONSU VERİLDİ
ABŞ-ın Ukraynaya “Tomahawk” raketləri verəcəyilə bağlı yayılan xəbərlərə Belarus liderinin cavabını şərh edən millət vəkili, nüvə müharibəsinin ola biləcəyini təsdiqləyib.
Belə ki, Belarus Prezidenti Aleksandr Lukaşenko məsələyə münasibət bildirərək, sözügedən raketlərin verilməsinin nüvə müharibəsinə gətirib çıxaracağını bəyan edib.
Oleq Qaydukeviç bildirib ki, Lukaşenko hazırda sülh üçün addımlar atmağa hazırdı:
"Minsk razılaşmalarına əməl edilməliydi. Kiyev Lukaşenkonun məsləhətinə qulaq assaydı, bütün məsələlər Minskdə başlayacaq danışıqlarda həll edilərdi və ya İstanbulda razılığa gələrdilər. Aydındır ki, Rusiyanı hərbi yolla heç kim məğlub edə bilməz. “Tomahawk” və ya başqa silahların tədarükü cəbhədə vəziyyəti dərhal dəyişməyəcək, lakin bu ciddi eskalasiya mərhələsinə gətirib çıxara bilər. Prezident də bu barədə xəbərdarlıq edir".
Oleq Qaydukeviç əlavə edib ki, əgər prezident mümkün nüvə qarşıdurması ehtimalından danışırsa, buna görə avropalılar sevinməməlidirlər:
"Çünki onların da bu münaqişəyə cəlb olunma riski var və bu Avropaya yaxşı heç nə vəd etmir. Bu gün Avropa müharibədən, sanksiyalardan əziyyət çəkir və ABŞ da buna ciddi yanaşmalıdır, çünki heç nə təmin olunmayıb. Biz yaxşı anlayırıq ki, eskalasiyanın müəyyən mərhələsində situasiya nəzarətdən çıxa və faciəvi ssenari üzrə inkişaf edərək nüvə dövlətlərinin birbaşa münaqişəsinə gətirə bilər. Belə münaqişədə qalib yoxdur".
Deputat əlavə edib ki, rəsmi Minsk sülh prosesinin təmin edilməsi və sülhün imzalanması üçün hər şeyi etməyə hazırdır. Belarus Kiyev hökumətinə, Zelenskiyə xalqı düşünməyi və hər nə olursa-olsun sülh bağlamağı tövsiyə edir.
Tehran Orucoğlu, Bizim.Media