Müqəddəs Taxt-Tacın informasiya resursları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə oktyabrın 16-da Müqəddəs Kommodillya katakombalarının bərpası layihəsinin açılışını diqqətdə saxlayıb.
Bizim.Media xəbər verir ki, Vatikanın yeganə rəsmi mətbuat orqanı olan “L’Osservatore Romano” qəzetinin yazısında açılış mərasimində Birinci vitse-prezident Mehriban Əliyevanın, Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobonenin, Mədəniyyət və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazinin və Roma şəhərinin VIII bələdiyyəsinin prezidenti Amedeo Çakkerinin iştirak etdikləri bildirilir.
Qeyd edilir ki, Birinci vitse-prezident və ailə üzvləri layihə çərçivəsində həyata keçirilmiş bərpa işləri ilə tanış olublar.
Eyni zamanda, bərpa işlərinin Heydər Əliyev Fondu və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında 2021-ci ilin martın 4-də imzalanan müqavilə çərçivəsində həyata keçirildiyi xatırladılır.
Müqəddəs Taxt-Tacın “Vatican News” portalının yaydığı materialda Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihənin katakombada mövcud olan Roma erkən xristianlıq dövrünə aid ilk artefaktları yenidən görməyə imkan yaratdığı qeyd olunur.
Diqqətə çatdırılır ki, katakombaların yerləşdiyi məkan XVIII əsrdə aşkar olunub, ilkin tədqiqatlar 1900-cü ildən başlanıb. Katakomba Felisio və Adauktus adlı xristian əzabkeşlərinin dəfn olunduğu məkan kimi də tanınır və Orta əsrlərdə ziyarətgah olub. Katakombada ilk xristian əzabkeşi San Stefano, İsa peyğəmbərin həvari Pyotra Cənnətin açarlarını təqdim etməsi və digər mövzularda freskalar müstəsna dini və tarixi əhəmiyyət daşıyır.
Vurğulanır ki, daha əvvəl Azərbaycan tərəfi ilə iki digər mühüm layihə - Müqəddəs Marçelino və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpası həyata keçirilib.
Katolik icmasına məxsus olan “Parrocchia San Michele Arcangelo – Neviano” potalı isə Heydər Əliyev Fondunun göstərdiyi dəstək sayəsində katakombanın böyük arxeoloji dəyərə malik olan hissəsinin uçmaq təhlükəsindən qorunduğu bildirilir.
Qeyd olunur ki, Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası əməkdaşlığı sayəsində Kommodillya katakombaları erkən xristianlıq dövrünün mühüm nümunələrinin qorunduğu Romanın bu bölgəsi arxeoloji tur şəbəkəsinə yenidən daxil edilə bilər.
Dini və tarixi əhəmiyyət daşıyan Kommodillya katakombaları ictimaiyyətə açıq olacaq.
Bizim.Media