Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Moldovanı hədələyib. Belə ki, Kişinyovun yeni hərbi strategiyasında Moskvanın “əsas təhlükə” kimi göstərilməsinə Peskovun reaksiyası sərt olub.
Moldova üçün “Ukrayna ssenarisi”
O, Avropa ilə münasibətləri qurmaq naminə Rusiya ilə qarşıdurma kursunu davam etdirəcəyi təqdirdə, Moldovanı yaxşı heç nəyin gözləmədiyini bildirib. Peskov qeyd edib ki, Kreml həmin sənədin qəbulunu Kişinyovun Moskvaya yönəlmiş "qarşıdurma xəttinin" davamı kimi qiymətləndirib:
"Bizim fikrimizcə, Moldovanın indiki rəhbərliyi ciddi səhvə yol verir. Onlar hesab edirlər ki, Avropa ilə münasibətlərin qurulması Rusiyanın tamamilə düşmənçiliyini nəzərdə tutur. Artıq bir dövlət bu səhvi edib. Bu, bir dövlətə heç bir xeyir gətirməyib".
Qeyd edək ki, oktyabrın 8-də Moldova hökuməti 2035-ci ilə qədər yeni hərbi strategiyanı təsdiqləyib. Sənəddə sadalanan “hərbi risklər və milli təhlükəsizliyə təhdidlər” arasında Rusiyanın Ukraynaya qarşı müharibəsinə xüsusi diqqət yetirilir. Moldova öz sərhədlərində “quru dəhlizi” yaratmaq perspektivindən narahatlığını bildirib və hərbi əməliyyatların öz ərazisinə “yayılması ehtimalını” istisna etməyib.
Görünən odur ki, Peskov indi də Moldovanı Ukrayna ssenarisi ilə təhdid edir.
Rusyönümlü qüvvələrin seçkilərdəki məğlubiyyəti fonunda Rusiya Moldovanı da hədəf ala bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, Moldovanın taleyi də birmənalı olaraq Ukraynadan asılıdır:
“Hazırda isə Ukraynanın aqibəti bəlli deyil. Qərb Kiyevə göstərdiyi yardımı genişləndirsə, ola bilsin, hərbi əməliyyatların istiqaməti də dəyişsin. Çünki bu halda Ukraynanın müqavimət gücü artacaq və belədə Rusiya tərəfi daha çətin duruma düşə bilər”.
Ukraynanın uduzması ilə Moldova da Rusiyanın caynağı altına keçəcək.
Ekspert qeyd edir ki, Qərb indiyə kimi yürütdüyü ikiüzlü, satqın siyasəti davam etdirsə, yardımları “çay qaşığı” ilə verməkdə davam etsə və Rusiyanın təzyiq siyasəti qarşısında geri çəkilsə, Ukrayna məğlub olacaq:
“Bu halda nəinki təkcə Ukrayna, hətta Moldova da Rusiyadan gələn açıq təhlükə ilə üz-üzə qalacaq. Yalnız yuxarıda qeyd etdiyim vəziyyət yarandığı təqdirdə Moldova da Rusiyanın təcavüzünə məruz qalacaq. Mövcud durumda Rusiya hətta Moldovaya təcavüz etmədən belə, oradakı separatçıları ayağa qaldırmaqla öz istəyinə nail ola bilər. Yəni Moldovanın gələcək aqibəti Ukraynanın taleyindən asılıdır”.
Rüfət Sultan, Bizim.Media