“Prezident Trampın vasitəçiliyi ilə İsrail və HƏMAS arasında nisbətən sülh razılaşması əldə olunub. Halbuki, HƏMAS-ın Nizamnaməsinə görə bu təşkilatın İsraillə sülh bağlaması qadağandır. Buna görə də bu razılaşma ərəb dilində “udna”, yəni müvəqqəti atəşkəs adlanır”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında İsrailli politoloq, tarixçi, tanınmış ictimai xadim Mixail Finkel deyib.
MÖVZU İLƏ BAĞLI:
HƏMAS İsraili atəşkəs razılaşmasını pozmaqda İTTİHAM ETDİ - FOTO/VİDEO
O bildirib ki, razılaşma çərçivəsində, HƏMAS tərəfindən artıq iki ilə yaxındır Qəzza sektorunda qanunsuz saxlanılan israilli girovlar, mülki şəxslər geri qaytarılmalıdır.
“Bunun müqabilində, İsrail də öhdəliklər götürür. İsrailin həbsxanalarında saxlanılan əsl terrorçular, silahla yaxalanmış, israilli mülki və hərbi şəxsləri öldürmüş, ölkədə çoxsaylı terror aktları törətmiş şəxslər azad ediləcək. Onlar arasında avtobusları, uşaq bağçalarını, məktəbləri və avtobus dayanacaqlarını partlatmış şəxslər də var. İsrail hələ sağ olub-olmadığı bilinməyən 20 girov qarşılığında 1000-dən çox terrorçunu azad etməyə razılaşıb. Bu şəxslərin bir çoxu ömürlük həbs cəzası alıb”.
Finkel qeyd edib ki, prosesin 100% uğurla davam edəcəyinə zəmanət vermək mümkün deyil.
“Çünki HƏMAS məqsədi İsrailin tam və qəti məhvi, israillilərin və yəhudilərin dünyada qətli olan bir terror təşkilatıdır. HƏMAS-ın əsas sənədi olan Nizamnamənin əvvəlində belə, guya hər yəhudini öldürməyi əmr edən Əbu Hureyrənin hədisi sitat gətirilir. HƏMAS bu hədisə əsaslanaraq, rast gəldiyi yerdə dinc insanları öldürür. Buna görə də bu prosesin provokasiyalar olmadan, pozulmadan davam edəcəyini düşünmək hələ tezdir.
Bəli, İsrail eyni zamanda üç mərhələdə Qəzza sektorundan çıxaraq ordusunu geri çəkməyi də öhdəsinə götürüb.
Amma bir daha qeyd olunur ki, HƏMAS-ın bu atəşkəsi pozmayacağına və döyüşlərin istənilən anda yenidən başlamayacağına zəmanət yoxdur. Çünki bu, artıq böyük hissəsi İsrail tərəfindən zərərsizləşdirilmiş bir təşkilatdır və içindəki qruplar arasında koordinasiya yoxdur. Ona görə də bu razılaşma istənilən anda pozula bilər”, - deyə M.Finkel əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media