Məlum olduğu kimi, oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Liderlər arasında aparılan danışıqlarda enerji, nəqliyyat dəhlizləri və ticarət əlaqələrinin inkişafı, o cümlədən hərbi sahədə əməkdaşlıq kimi məsələlər xüsusi diqqət mərkəzində oldu.
Qəbələ görüşündə əldə olunan tarixi nəticələr
Əvvəla onu qeyd edək ki, Zirvə Görüşünün sonunda türk liderlər Qəbələ Bəyannaməsini imzalayıblar. Eyni zamanda, TDT-yə rəhbərlik Qırğızıstandan Azərbaycana keçib. Üstəlik, TDT-yə artan beynəlxalq maraq səbəbilə Qəbələ Zirvəsi çərçivəsində "TDT+" formatının təsis edilməsi haqqında qərar imzalanıb. Bu isə yeni dövlətlərin TDT-yə qoşulmasına imkan yaradacaq.
Görüşdə irəli sürülən təkliflər və çağırışlar isə xüsusilə diqqət çəkdi. Ələxüsus da, Prezident İlham Əliyevin çıxışında Türk dövlətlərinin inteqrasiyası və əməkdaşlıq perspektivləri ilə bağlı mühüm təkliflər irəli sürdü. Bundan əlavə, digər türk liderlər də TDT-nin inkişafı, beynəlxalq gücə çevrilməsi ilə bağlı təkliflərlə çıxış etdilər. Nəticədə Qəbələ görüşü faktiki olaraq TDT-nin gələcək inkişafı üçün tarixi addıma çevrildi.
Bunun nəticəsidir ki, Qəbələ Zirvəsi beynəlxalq arenada diqqət mərkəzindədir. Aparıcı beynəlxalq xəbər agentlikləri Zirvə görüşünə və yekun bəyannaməyə xüsusi yer ayırırlar.
İlham Əliyevin qətiyyətli siyasətinin TDT-nin inkişafında rolu
Şübhəsiz ki, Türk Dövlətləri Təşkilatının inkişafında İlham Əliyevin qətiyyətli siyasəti tarixi rola malikdir. Xüsusilə də 44 günlük müharibədən sonra təşkilatın fəaliyyətində xüsusi bir canlanma müşahidə olunur.
Çünki İlham Əliyevin qətiyyətli siyasəti ilə ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa edən Azərbaycan xarici təhdidlərə son verdi və böyük hədəflər üçün gücünü səfərbər etdi. Bu hədəflərdən biri də Türk dövlətlərinin iqtisadi-siyasi və mədəni birliyinə nail olmaq və ortaq Türk dəyərlərinə yenidən sahiblənməkdir.
Xatırladaq ki, 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimində çıxışı zamanı İlham Əliyev Türk Dövlətləri ilə əməkdaşlığın Azərbaycan üçün prioritet olduğunu vurğulamışdı:
“Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Göründüyü kimi, artıq TDT qlobal gücə çevrilməkdədir və təşkilatın inkişafında İlham Əliyevin qətiyyətli addımları tarixi rol oynayıb.
TDT-nin uğur sirri
Əvvəla, onu qeyd edək ki, Türk Dövlətləri Təşkilatı öz mahiyyətinə görə digər beynəlxalq və regional təşkilatlardan köklü surətdə fərqlənir. Məsələn, Avropa İttifaqının bir araya toplaşması iqtisadi maraqlara əsaslanır.
TDT-yə üzv dövlətləri isə bir-biriləri ilə tarixi qardaşlıq münasibətləri bağlayır. Buna görə də, Türk dövlətləri üçün fərdi iqtisadi maraqlardan daha çox, birgə inkişaf və inteqrasiya ön plandadır.
Eyni zamanda TDT böyük iqtisadi, logistik və demoqrafik potensiala malikdir. Təşkilatın gücünə-güc qatan digər vacib faktor isə Türk dövlətlərində ictimai-siyasi və iqtisadi sabitliyin hökm sürməsidir.
Türk Dövlətləri Təşkilatının gələcək hədəfləri
Qəbələ Zirvəsində gələn ilin birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin TDT çərçivəsində təntənəli şəkildə təşkil olunması qərara alınıb.
Üstəlik, hazırda TDT–nin qarşısında duran bir sıra məsələlər var. “Türk Şengen”inin yaradılması, ticarət və nəqliyyat kommunikasiyalarının vahidləşdirilməsi, enerji və investisiya bazarlarının inteqrasiyası – Türk dünyasını vahid iqtisadi məkan kimi formalaşdırmaq əsas hədəflər sırasındadır.
Təbii ki, siyasi-iqtisadi və mədəni əlaqələrin dərinləşməsi və şaxələnməsi hərbi sahədə də əməkdaşlığı zəruri edir. Məhz bu zərurəti nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev TDT-nin XII Zirvə sammitində bəyan edib ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil:
“Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir.
Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm. Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir”.
Türk Dövlətlərinin iqtisadi potensialı
Qeyd edək ki, TDT-yə 6 dövlət daimi üzvdür. İki ölkə - Türkmənistan və Macarıstan təşkilatda müşahidəçi qismində təmsil olunur. Şimali Kipr Türk Respublikası isə qonaq qismində təşkilatın toplantılarına qatılır.
TDT üzvü olan dövlətlərin çox böyük iqtisadi potensialı var. Dünyanın bir sıra strateji resurslarının böyük hissəsi TDT coğrafiyasında yerləşir. Neft, qaz, uran, kömür, qızıl, litium, üzüm, pambıq, dəniz nəqliyyatı və aqrar potensialına görə TDT dövlətləri dünyada xüsusi çəkiyə sahibdir.
Xatırlatmaq yerinə düşər ki, 2024-cü ildə türk dövlətlərinin iqtisadiyyatı 5,4 % böyüyərək 3,2 %-lik qlobal iqtisadi artımı xeyli üstələyib. Hazırda Türk dövlətləri 2,11 trilyon ABŞ dolları dəyərində ümumi daxili məhsulla (ÜDM) qlobal iqtisadiyyatda 1,8 % paya sahibdirlər.
Bundan başqa, ötən il türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,17 trilyon dollar təşkil edib ki, bu da qlobal ticarət dövriyyəsinin 3,5 %-i deməkdir. TDT ümumi ərazisi təxminən 4,3 milyon kvadrat kilometr, əhalisi 180 milyondan çoxdur.
Nəticə olaraq qeyd edə bilərik ki, Qəbələ Zirvəsi Türk Dövlətləri Təşkilatının qlobal güc mərkəzinə çevrilməsi yolunda tarixi addım olacaq. Gələcək perspektivdə isə İlham Əliyevin qətiyyətli siyasəti və Azərbaycanın sədrliyi ilə TDT daha böyük uğurlara imza atacaq.
Anar Tahirov, Bizim.Media informasiya portalının baş redaktoru