“Bələdiyyələri ləğv etmək mümkün deyil. Çünki yerli özünüidarəetmə institutları bütün dünyada fəaliyyət göstərir. Lakin Azərbaycanda bələdiyyələr kağız üzərindədir. Fəaliyyətləri isə sıfırdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Bizim.Media-ya açıqlamasında deyib.
Belə ki, yanvarın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan Qarabağda bələdiyyələrin yaradılması mövzusu ilə bağlı fikirlərini bölüşən millət vəkili mövzu ilə bağlı tənqidlər yağdırıb.
MÖVZU İLƏ BAĞLI:
2022-ci ildə Ermənistanla SÜLH MÜQAVİLƏSİ imzalansa… - Razi Nurullayevdən PROQNOZ
Razi Nurullayev ilk növbədə bələdiyyələrin fəaliyyətsizliyinin səbəblərini bu cür izah edib:
“Çünki onların qazancı yoxdur. Bələdiyyələrin qazanclı olması üçün hüquqi müstəvi yaradılsa da, onların bunu etməyə bacarığı yoxdur. Bu bacarıqları inkişaf etdirmək üçün də hər hansı addım atılmır. Gedib bələdiyyə üçün 5-6 saatlıq kurslar keçib, təlimatlar verməklə də onların işi düzələn deyil. Demək ki, bələdiyyələrdə də bacarıqlı insanlar olmalıdır. Bələdiyyə xalqa, seçildiyi yerə məsuliyyət daşımalıdır. Amma bələdiyyələr təyinatla seçildiyinə görə, xalqın seçdiyi yox, kimlərinsə razılıq verməsi ilə seçilən adamlar olduğu üçün onlar vətəndaşlar qarşısında hesabatlı deyillər. Onlar ayrı-ayrı vəzifəli şəxslər qarşısında hesabatlıdırlar”.
Millət vəkili bələdiyyə seçkilərinin qeyri-şəffaf keçirilməsini də sərt şəkildə tənqid edib:
“Əgər seçki keçiriləcəksə və Qarabağda da eyni vəziyyət olacaqsa, onda həmin seçkiləri keçirib özümüzü biabır etməyək. Lakin insanların seçdiyi, bacarıqlı insanlar bələdiyyələrdə təmsil olunacaqsa, bu olmalıdır. Əvvəlki ənənədə olduğu kimi, icra hakimləri və onların müavinləri, ayrı-ayrı adamlar, Bakıdan gələn göstərişlər, hörmətli siyasətçilər öz adamlarını ora soxuşduracaqsa, hər kəs özü üçün “banda” düzəldəcəksə, insanların iradəsi heçə sayılacaqsa o seçkinin keçirilməsinə ehtiyac yoxdur. Həmin problemlər bələdiyyələrdə olduğu üçün, onlar özlərini doğrulda bilmirlər.
Bələdiyyəni xalq seçməlidir, heç kim də müdaxilə etməməlidir. Lakin yerli səviyyədə 60-70% yerli icra hakimləri və digərləri qərarlarını verir, insaların iradəsi isə havada qalır. Bu cür bələdiyyələr heç kimə lazım deyil”.
- Razi müəllim, zaman-zaman bələdiyyələrin fəaliyyətində səmərəliliyin artırılması üçün, onlara ayrılan maliyyə vəsaitlərinin artırılması məsələsi gündəmə gətirilir. Sizcə, bu problemi qismən də olsa, həll edə bilərmi?
“Bələdiyyəyə pul ayrılmalı deyil. Məsələ burasındadır ki, icra hakimiyyətinə, müxtəlif dövlət orqanlarına pul ayrılır. Bələdiyyəyə də pul ayırılacaqsa, dövlət büdcəsindən maliyyələşən digər qurumlara nə ehtiyac var ki? İcra hakimiyyəti və bələdiyyələrə ayrı-ayrılıqda pul ayrılmalıdır? Bunun özü absurddur, biabırçılıqdır, dünyada belə bir təcrübə yoxdur. Bələdiyyə vergiləri yığmalıdır. İcra hakimiyyəti yox. İcra hakimiyyətləri Prezidentin səlahiyyətli nümayəndələri kimi qalmalıdır. Lakin bələdiyyələrin çox işini icra hakimiyyətləri yerinə yetirir. Bələdiyyələrsə icra hakimiyyətlərinin bir qoludur, onların sözündən çıxmırlar. İcra hakimiyyətləri desə, “öl-öl, qal-qaldır”. Belə bələdiyyə olur?”
Razi Nurullayev bələdiyyələrin hansı formada fəaliyyət göstəməli olduqlarını da vurğulayıb:
“Belə olan halda bələdiyyə büdcədən pul tələb edəcək də. Bələdiyyə pulu özü qazanmalıdır, məktəb, xəstəxana, uşaq baxçası açmalıdır və pullu xidmət göstərməlidir.
Bələdiyyənin pullu məktəbi, xəstəxanası, uşaq baxçası olsun, getsin 100 hektarlarla ərazini əksin, meyvə bağları salsın, zavod açsın, bina tiksin. Qanunla bələdiyyələr bizneslə məşğul olub pul qazana bilər. Sadəcə olaraq, hesabatlı olmalıdır”. Dövlət icra hakimiyyətinə, bələdiyyəyə, məktəbə, baxçaya pul ayırır. Belə idarəçilik olur? Elə bələdiyyə heç kimə lazım deyil. Bələdiyyə özü-özünü dolandırmalıdır. Dövlət də buna şərait yaratmalıdır”.
Murad Əhmədov, Bizim.Media