Hal-hazırda bütün dünyanın diqqət mərkəzində olan Ukraynada sular durulmaq bilmir. Belə ki, Qərblə Rusiyanın “qırmızı xətlər”inin kəsişdiyi “qaynar nöqtə”də kimin xəttinin daha dayanıqlı olacağı maraq doğurur.
Hadisələrin gedişi isə onu göstərir ki, həm Qərb, həm də Rusiya geri addım atmaq niyyətindən xeyli uzaqdır.
Keçək əsas məsələyə...
Ötən ilin aprelindən başlayaraq Qara dənizə yelkən açan NATO gəmilərinin, havada süzən qırıcılarının çıxardığı əks-səda ara-sıra eşidilməkdədir. Qarşılığında Rusiya özünün yüz illərdir davam edən Qara dəniz iddialarına açıq təhdid kimi gördüyü NATO fəallığını susqunluqla izləmək mövqeyini tutmaqda maraqlı görünmür. Bu səbəbdən də sayları müxtəlif mənbələrdə fərqli göstərilən, lakin həcmi bütün dünyanı narahat edəcək qədər böyük olan rus ordusu Ukrayna sərhədləri boyunca hazır vəziyyətdə gözləməyə davam edir.
Son olaraq, əvvəllər Amerikanın təkbaşına üstləndiyi Ukraynaya dəstək missiyasına Alyansın digər üzvləri də qoşulmaqdadır. İngiltərə külli miqdarda silah-sursat, Kanada isə, xüsusi təyinatlıları ilə Kiyevin yanında olduğunu nümayiş etdirdi. Bu isə, Rusiyada “qırmızı xətlər”ə yaxınlaşan düşmən kimi qəbul olunmaqdadır. Təsadüfi deyil ki, Kremlə yaxın mənbələrdən informasiyalar dərc edən Rusiya KİV-i Moskvanın proseslərə səssiz qalmaq niyyətlərindən uzaq olduğunu və cavab tədbirlərinin labüdlüyünü qeyd etməyə davam edirlər.
Geriyə yol yoxdur?
Gərginliyin artması fonunda hər kəsi maraqlandıran sual isə proseslərin necə yekunlaşacağıdır.
Siyasi elmdə də geniş istifadə olunan “Cücə” oyunu nəzəriyyəsi hadisələrlə bağlı aşağıdakı proqnozları verməyə imkan verir:
1. Tərəflərdən biri “qırmızı xətlər”ini daha geridən çəkəcək;
2. Toqquşma qaçılmazdır;
3. Qarşılıqlı kompromis.
İlk variant üzərindən fikir yürütsək, ya Qərbin, ya da Rusiyanın mövqelərindən müəyyən qədər güzəştə getməsi labüddür. Rusiyanın mövqelərini ön plana çıxarsaq, Qərb Qara dənizdə gərginliyi artıracaq addımlarından əl çəkərək, Ukraynanı müharibəyə sövq edəcək addımlarını yumşaldaraq, Kiyevin NATO-ya üzvlük məsələsini gərginlik azalanadək təxirə salaraq kompromisə gedə bilər.
Kreml üçün isə, geri addım atılacaq tək məqam, görünən qədərilə, NATO ilə razılaşma əldə edərək, Kiyev Alyansa üzv olsa belə, Rusiyanın əsas strateji mövqeləri üçün təhdidlər yaratmayacaq silahların Ukraynada yerləşdirilməməsi ola bilər.
Müharibə variantı Qərb cəbhəsində daha çox qabardılsa da, Rusiyanın Ukraynanı ikiyə böləcək səviyyədə hücuma başlaması, yaxud da Ukraynanın Donbas uğrunda əməliyyatlara start verməsi variantları da real görünmür. Ukraynanın yalnız lokal və ya strateji hədəflərə yönələn zərbələri, Moskvanınsa Donetsk və Luqanskdakı “marionetka” rejimlərin adı ilə Kiyevə gözdağı vermək üçün regionun digər strateji hədəflərinə yönəlməsi mümkün ola bilər.
Qarşılıqlı kompromis variantında isə, Rusiya və Ukraynanın Normandiya dörtlüyü formatında yox, digər region ölkələrinin vasitəçiliyi ilə müzakirələr aparması mümkün ola bilər. Bu zaman isə, önə çıxan variantlar sırasında Azərbaycan və Türkiyədir.
Belə ki, Türkiyə tərəfi dəfələrlə bu missiyanı öz üzərinə götürə biləcəyini bəyan edib. İki ölkə ilə də uğurlu münasibətləri və siyasi təsir gücü olan Ankaranın namizədliyi tərəflərin diqqətini çəkə bilər.
Azərbaycan variantını aktuallaşdıran səbəblər də az deyil. İlk növbədə Zelenskinin İlham Əliyevdən Donbasda və Krımda saxlanılan əsirlərin qaytarılması ilə bağlı Brüsseldəki xahişi, Azərbaycan Prezidentinin Kiyev səfəri, son olaraq isə Putinin Ölkə Başçısı ilə telefon danışığında sözügedən məsələni müzakirəyə çıxarması onu deməyə əsas verir ki, rəsmi Bakı da müəyyən dərəcədə gərginliyi azaltmaq üçün ağırlığını ortaya qoya bilər.
Murad Əhmədov, Bizim.Media