“Baharlar” bumeranq olub ABŞ-a qayıdır

“Baharlar” bumeranq olub ABŞ-a qayıdır

Hazırda oxunan: “Baharlar” bumeranq olub ABŞ-a qayıdır

5586

Deyəsən, axı hesabat saatı yaxınlaşır. İstənilən enerjinin hansı formadsa geri dönüşü var. Yüz illərdir dünyanın başına çatı salıb oynadan Amerika öz əməllərinin meyvəsini dərəcək günə yaxınlaşır.

Dekabrın 9-da D.Trampa dəstək verən “Amerikanı yenidən böyük et” (Make America Great Again-MAGA), “Öncə Amerika üçün qadınlar” hərəkatları ilə ProudBoys (Qürurlu Oğlanlar) adlı grup birgə prezident seçkisinin nəticələrinə etiraz əlaməti olaraq, qadağalara baxmayaraq Vaşinqtonun küçələrinə çıxmışdılar.

Onlara qarşı küçələrdə solçu Antifa (Antifaşist Hərəkatı) və Qaraların Həyatı Önəmlidir (Black Lives Matter-BLM) hərəkatları çıxdı. Tərəflərin bir-biri ilə barışmazlığı qarışıqlıq yaratdı. RİA NOVOSTİ isə hətta bir nəfərin öldüyündən xəbər vermişdi. 

Bu artıq ikinci toqquşma idi. Oktyabrın 14-15-də ANTİFA və BLM yüz minlərlə insanın etiraz aksiyasına radkal müdaxilə etmişdi və yenə zərər görənlər olmuşdu. 10 nəfər həbs edilmişdi.

Bunları Amerika üçün adi hal saymayan ekspertlər gedişata müxtəlif izahlar verməyə cəhd göstərdilər.

Axtarışlar belə bir sualın yaranmasına aparıb çıxardı: bu olaylarla dünyanın müxtəlif yerlərində öncələr olmuş və indi də müşahidə edilən oxşar hadisələr üçün ortaq bir səbəb mövcuddurmu? Səthi də olsa araşdırmalar maraqlı nəticələr verir. “Ərəb baharı”ndan başlayaraq bu günə qədər baş verən oxşar hadisələrin KİV-lərdəki təqdimatı əsasında bunu görmək mümkündür.

“Ərəb Baharı” rəmzi addır. 2011-ci ilin əvvəlində başlayıb. 2010-cu ilin sonunda Tunisin Sizi-Bund şəhərində meyvə satıcısı Muhammad Buazizi polislərin haqsızlığına etiraz əlaməti olaraq özünü benzinlə yandırdı. İki həftə sonra xəstəxanada öldü. 

İlk baxışdan XX əsr üçün adi sayıla bilən bu hadisəyə XXI əsr insanları çox həssas yanaşdılar. Tunis, Misir, Liviya, Suriya, Yəmən, Bahreyn sürətlə qarışdı. Ayrı-ayrı ölkələrdə ixtilaflar fərqli səbəblərdən meydana çıxdı. Məsələn, Bahreyndə iqtisadi səbəblərlə yanaşı, məzhəb faktorunu da ortaya atdılar.

Nəticədə Liviyada vətəndaş müharibəsi yarandı, Misirdə hakimiyyət dəyişdi, Suriyada hələ də savaş gedir. Digər ərəb ölkələri də bu və ya digər dərəcədə zərər gördülər. KİV-də yer alan informasiyalara görə, minlərlə insan həyatını itirdi, yüz minlərlə insan qaçqın düşdü, iqtisadiyyat çox zəiflədi və hakimiyyətin legitimliyinə böyük şübhələr yarandı.

Lakin hadisələr ancaq “ərəb məkanları” ilə məhdudlaşmadı. KİV tez-tez dünyanın müxtəlif ölkələrində oxşar hadisələr haqqında informasiyalar yaymağa başladılar. Ekspertləri və jurnalistləri daha çox dünyanın ən güclü dövləti sayılan ABŞ-da baş verənlər maraqlandırır. 
2014-cü il avqustun 9-da Missuri ştatının Ferquson şəhərində 18 yaşlı qaradərili Maykl Braun polis Darren Uilson tərəfindən küçənin ortasında qətlə yetirildi. 

Həmin ilin iyul ayının 17-də isə Nyu-Yorkda 43 yaşlı afroamerikalı Erik Qarneri polis Deniel Pantello boğub öldürmüşdü. O zaman qaradərili “Mən nəfəs ala bilmirəm!” deyə yalvarmışdı. Lakin o, öldürüldü və Nyu –York qarışdı. Ölkənin bütün aprıcı KİV orqanları hadisə barədə informasiya yaydılar. 

“The New Republic” bununla bağlı jurnalist araşdırması apardı. Bu nəşrin əməkdaşı Denni Vinnik isə bir ildə qətlə yetirilən iki qaradərilinin – Braunla Qarnerin öldürülməsinin siyasi və sosial səbəblərini araşdıran yazı dərc etdirdi. Konkret səbəblər fərqli və gedişat da müxtəlif olsa da, jurnalistin gəldiyi qənaət ümumi idi: “Amerikada sistem axsamağa başlayıb və bunu hamı bilir!" Bu, mühüm nəticə idi. 

2020-ci il may ayının 20-si! Minnepolisdə 46 yaşlı Corc Floydu polis küçədən ötüb keçənlərin gözü qarşısında dizini onun boynuna dayayaraq boğurdu. Zavallı Floyd da 6 il əvvəl eyni aqibəti yaşamış Qarner kimi “Nəfəs ala bilmirəm” deyə yalvarırdı. Ancaq polis əl çəkmədi və qaradərili xəstəxanada keçindi. Bu barədə NBC operativ informasiya yaymışdı.

Bu ilin martında Luisvill şəhərində polislər qaradərili qadın Breonn Teylorun evinə girərək, onu yataqda güllələyirlər. Polislərə qadının sevgilisinin atəş açmasına baxmayaraq, qadına 8 güllə vururlar! Tezliklə “Fight for Breonna” (Breonnun xatirəsi uğurunda mübarizə aparın”) hərəkatı yaranır. 

27 noktyabr 2020-ci il. Filadelfiya şəhəri. 27 yaşlı qaradərili Uolter Uollesi polislər güllələyirlər. NBC Philadelphia operativ informasiya yayır.

Bütün bunlar qaradərili amerikalıların kütləvi etiraz aksiyalarına səbəb oldu. Lakin maraqlıdır ki, “Ford Foundation” Fondunun məlumatına görə, etirazlara dəstək verən qaradərili amerikanlar hələ də cəmiyyət tərəfindən müdafiəyə, hörmətə və inkişafa layiq olmayan zümrə hesab olunur. Rusiyanın Lenta.ru saytının əməkdaşı Darya Şipaçeva baş verənlərin sosial və siyasi-hüquqi səbələrini araşdıran məqalə dərc etdirib.

İndi məsələ ancaq Amerika ilə də məhdudlaşmır. “Habertürk.com”un yaydığı informasiyalarda göstərilir ki, oxşar etiraz aksiyaları İsraildə, Fransada, Albaniyada və başqa ölkələrdə baş verir. Albaniyanın paytaxtında bir gənci dekabrın 9-da polis küçədə güllələyib. İsraildə kovidlə mübarizədə bacarıqsız olduğuna görə hökumətə qarşı etirazlar ara vermir. Fransada “sarı jiletlilər”in etirazları tədricən “qırmızı jiletlilər”in etirazına çevrilir.

Bunları hansı ortaq məmqam birləşdirir? Diqqətlə baxanda görünür ki, İNSAN HAQLARI, İNSANIN SOSİAL-İQTİSADİ VƏ SOSİAL-SİYASİ vəziyyəti. Və bu, ölkənin inkişaf dərəcəsindən sanki asılı deyil: bir tərəfdə kasıb ərəb ölkələri, o birisi tərəfdə inkişaf etmiş Amerika və Avropa! Həm də etirazlar getdikcə daha çox kollektiv mübarizə formasını alır! Həqiqət təzadların içindədir, deyəsən!

“Amerika baharı”mı başlayır? Elə isə iqlim protokolundan çıxmış Amerika “Dünyanı çox isidə bilər!”

Bəlkə “Dünya baharı” başlayır?...

Füzuli Qurbanov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO