“Rusiya SSRİ-ni 2024-cü ilə kimi bərpa etməyə çalışır” - POLİTOLOQ

“Rusiya SSRİ-ni 2024-cü ilə kimi bərpa etməyə çalışır” - POLİTOLOQ

Hazırda oxunan: “Rusiya SSRİ-ni 2024-cü ilə kimi bərpa etməyə çalışır” - POLİTOLOQ

54448

Belarus prezidenti Aleksandr Lukaşenko 2022-ci ildə suverenliyi qorumaq və qardaş ölkələrlə əlaqələri gücləndirmək üçün daha sərt kurs tutdacağını bildirib.

“Mən sizə deməliyəm ki, bu il asan olmayacaq, dünya köklü şəkildə dəyişəcək. Dünya xalqlarının və dövlətlərinin ittifaqlarda birləşməsi baxımından dəyişəcək”, - deyə Belarus lideri bəyan edib.

Lukoşenko ittifaqla bağlı danışarkən Qazaxıstan, Rusiya və ölkəsinin adını ön plana çıxarıb. 

Son günlərdə Qazaxıstanda baş verən olaylar fonunda Belarus rəhbərinin bu açıqlamasının özündə ciddi mesajlar daşıması ehtimalı xeyli artıb.

Lukoşenkonun fikirlərini Bizim.Media üçün şərh edən politoloq Yeganə Hacıyeva ittifaqın təməli kimi Rusiya-Belarus əlaqələrini misal gətirib:

“Keçən il noyabr ayında Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko İttifaq dövlətinin inteqrasiya fərmanını imzaladılar. Lakin bundan xeyli əvvəl, hələ 1999-cu ildə tərəflər arasında İttifaq dövlətinin yaradılması haqqında saziş imzalanıb. 2018-ci ildə sazişin 20-ci ildönümünə kimi sənaye yol xəritələrinin hazırlanması üçün işçi qrup yaradılmışdı”.

Politoloqun fikrincə, rəsmi sənədlərdə öz əksini tapmasa belə, ittifaqın qurulması siyasi sferaya da təsirsiz ötüşməyəcək:

“Sonra Moskva və Minsk onları bu sənaye yol xəritələrini inteqrasiya üzrə ittifaq proqramlarına çevirdilər. Proqramlar həyata keçirilməsi və fəaliyyət planı 2025-ci, bəziləri isə 2027-ci ilə qədər nəzərdə tutulub. Birlik proqramlarında faktiki olaraq üzv dövlətlərin suverenliyinin itirilməsi ilə bağlı siyasi məsələlər olmasa da, qərar qəbuletmədə nəzərdə tutulan mexanizmlər suveren qərar vermənin limitlənməsi ilə nəticələnəcək.” 

Yeganə Hacıyeva sözügedən ittifaqın qurulmasında əsas fiqur olan Rusiyanın bu amal uğrunda beynəlxalq hüquqi normaları tapdamaqdan belə çəkinməyəcəyini də bildirib:

“İzlənən proseslərdə mütamadi olaraq Rusiyanın öz maraqları naminə sazişdə müəyyən edilmiş qaydalara əməl etməməsi açıq aydın özünü göstərir. Bir çox hallarda isə Rusiya Avrasiya İqtisadi İttifaqına üzvü ölkələrin tarixinə və reallıqlarına, suverenliyinə hörmətsizlik nümayiş etdirir. Sırf bu məqamlara görə, yani sazişdə müəyyən edilmiş qaydalara, sazişin şərtlərinə əməl edilmədiyinə görə Qazaxıstan Avrasiya İqtisadi İttifaqına üzvlükdən imtina etmək haqqında fikirlərini səsləndirmişdi”. 

Fikirlərinin davamında isə politoloq daha təhlükəli ssenari üzrə proqnozlarını bölüşüb:

“Son hadisələr isə göstərdi ki, Rusiya həm də Avrasiya İqtisadi İttifaqı ölkələrini işğal da edə bilər. Sırf Qazaxıstanla baş verən hadisələr göstərirdi ki, ittifaq ölkələri layihəsi Rusiyanın əməkdaşlıq deyil, müstəqil ölkələri işğal layihəsidir və Rusiya Lukaşenkonun nitqi ilə danışır. Moskva Ukraynada yol verdiyi səhvi Qazaxıstanda təkrarlamamaq üçün həm filmin ssenari müəllifi, həm də baş rolun ifaçısı oldu. Artıq Rusiyanın 2024-cü ilə kimi hansısa şəkildə SSRİ-ni bərpa etməyə çalışdığı barədə mülahizələr güclənir. Görünən odur ki, Qazaxıstanda baş verən hadisələr bu planın tərkib hissəsidir”.

Murad Əhmədov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO