Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan ölkələrin prezidentləri ilə telefonla danışıb.
Belə ki, Türkiyə Prezident dəftəxanasının yaydığı məlumatda bildirilir ki, Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Azərbaycan Prezidenti İlham Əliyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və Özbəkistan Prezidenti Şövkət Mirziyoyevlə danışıb.
Liderlər arasında əsas müzakirə mövzusunun Qazaxıstanda baş verən hadisələr olduğu bildirilir.
Ərdoğanın bu təşəbbüsü və digər TDT üzvlərinin müzakirələrdə iştirakı Qazaxıstanda davam edən proseslərdə təşkilatın hər hansı formada konstruktiv təşəbbüslə çıxış etməsi ehtimalını yaradıb.
Sözügedən ehtimalları Bizim.Media üçün dəyərləndirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli TDT səviyyəsində müzakirələrin aparılmasını müsbət qiymətləndirib:
MÖVZU İLƏ BAĞLI:
Almatının mərkəzində atışma davam edir, ölənlər var
“Hesab edirəm ki, məsələnin müzakirəyə çıxarılması təqdirəlayiq haldır. Bu onu göstərir ki, Türk Dövlətlər Təşkilatı yarandıqdan sonra, üzv ölkələr arasındakı münasibətlərin təkmilləşməsinə və yaxınlaşmasına kömək etmək istəyir. Bu məsələnin müzakirəsi də, ölkələrin Qazaxıstanda öz köməklərini təklif etmək niyyətlərinin göstəricisidir”.
Partiya rəhbəri KTMT-dən fərqli olaraq, TDT-nin olaylara müdaxiləsi yerinə dəstəyini ifadə etməsinin daha doğru olacağını bildirib:
“Zənnimcə, gec-tez başqa dövlətlərdə də bu proseslər baş verəndə məsələlərin birgə müzakirəsi məqsədəuyğun olardı. Təbii ki, burada söhbət zorakılıqların və ixtişaşların qarşısının alınmasından gedir. Bu dövlətin daxili məsələsidir. Lakin digər ölkələrin hadisələrə qarışmaması, Qazaxıstan dövlətinə sadəcə dəstək nümayiş etdirməsini müsbət hal kimi qiymətləndirirəm”.
- Bildiyiniz kimi, daha öncə Venesuellada etirazlar baş qaldırdıqda, hakimiyyətlə aksiyaçılar arasında danışıqlara vasitəçilik missiyasını Norveç öz üzərinə götürdü və bu təcrübə uğurlu oldu. Hal-hazırda oxşar təcrübə TDT-nin vasitəçiliyi ilə Qazaxıstanda tətbiq oluna bilərmi?
Çünki etnik türk olan qazax xalqının bu vasitəçiliyə müsbət yanaşması ehtimalı heç də az olmazdı.
“Hesab edirəm ki, bu mümkün olan variantlardan biridir. Faktiki olaraq, dövlətə qarşı çıxan və ixtişaş törədənlərlə dövlət arasında TDT-nin vasitəçiliyi mümkündür. Fikrimcə, Qazaxstan olayları ilə bağlı Türk Dövlətləri Təşkilatı da dövriyyəyə girməlidir. Təbii ki, Qazaxıstan hökumətinin də buna razılığı olmalıdır”.
Murad Əhmədov, Bizim.Media