İranın Zəngəzurda konsulluq açmaq planının PƏRDƏARXASI 

İranın Zəngəzurda konsulluq açmaq planının PƏRDƏARXASI 

Hazırda oxunan: İranın Zəngəzurda konsulluq açmaq planının PƏRDƏARXASI 

53313

“İranın Qafanda, Çinin isə Bəndər-Abbas limanında konsulluq açmaq məsələsinin eyni anda gündəmə gəlməsi, əlbəttə, Tehranın yaranmış yeni şərtlərdə regional kommunikasiya imkanlarının artırılması istiqamətində fəallığı kimi qiymətləndirilməlidir”.

Bu fikirləri Bizim.Media-ya verdiyi müsahibəsində politoloq Yeganə Hacıyeva bildirib.

Belə ki, İranın Qafanda konsulluq açmaq niyyətini şərh edən politoloq Tehranın bu addımı atmasına gətirib çıxaran prosesləri sadalayıb:

“Öncəliklə onu qeyd edək ki, 44 günlük Vətən müharibəsindən öncə,  daşınmalarının əksəriyyətini işğal altında olan ərazilərimizdən rüsumsuz keçirmək yolu ilə İranın Avropa və Rusiyaya qısa, ucuz kommunikasiya imkanları var idi. Lakin bizim torpaqlarımızı işğaldan azad etməyimiz, İranın bu yolunu bağladı. Bu vəziyyətdə rəsmi Tehran yeni şərtlər altında legitim kommunikasiya xətlərindən istifadə etməyə və formalaşdırmağa məcbur qaldı.
 

MÖVZU İLƏ BAĞLI:

İran Zəngəzurda baş konsulluq açır


İranın hazırki addımlarını da məhz bu istiqamətdə dəyərləndirmək lazımdır. Ümumiyyətlə, konkret olaraq, İranın logistik imkanlarının artırılması istiqamətində şərh vermədən öncə, 44 günlük Vətən müharibəsində sonra yaranmış yeni şərtlər haqqında da danışmaq vacibdir.

Əlbəttə ki, Azərbaycanın müharibədə qazandığı zəfər və post-konflikt dönəmində region ölkələrinə, bölgədəki proseslərdə iştirak edən aktorlar qarşısında özünün formalaşdırdığı şərtləri inkişaf platforması şəklində ortaya qoyması yeni geosiyasi reallıqları yaradıb”.

Yeganə Hacıyeva regiondan keçən istənilən kommunikasiya xətlərinin Azərbaycan tərəfi ilə razılaşdırıldığına da diqqət çəkib.

Politoloq, Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşmağa məcbur olan İranın son dönəmlərdə regional əməkdaşlıq çərçivəsində atdığı addımlardan da bəhs edib:

“İranın imkanları haqqında danışdıqda xatırlatmaq lazımdır ki, ötən ay İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) iclası çərçivəsində Türmənistan qazının İran-Azərbaycan xətti ilə Avropaya daşınması ilə bağlı razılaşmalar əldə olundu. Daha sonra isə İran-Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizi dekabrın 22-də razılaşdırıldı. Cənub-Şimal və Cənub-Şərq kommunikasiyaları çərçivəsində İranın yeni imkanları mövcuddur. Bu səbəbdən də, həmin imkanlardan maksimum istifadə edə bilmək üçün İranın Qafanda konsulluq açması normaldır”.

Yeganə Hacıyeva, Bəndər-Abbasla paralel şəkildə Qafandakı konsulluğun əsas fəaliyyət istiqamətləri ilə bağlı da fikirlərini bölüşüb:

“Çinin Bəndər-Abbasdakı nümayəndəliyi isə, konsulluqdan daha çox logistik mərkəz funksiyası daşıyır. Bu da təbiidir. Çünki Bəndər-Abbas beynəlxalq daşınmaların mühüm mərkəzlərindən biridir. Lakin Qafanda konsulluğun yaradılması, Zəngəzur dəhlizinin açılmasından sonra ,  yaranacaq problemlərin yerindəcə həll olunması üçün şərtlərin formalaşmasına xidmət edir. Bu yük daşımalarının və digər iqtisadi layihələrin çevikliyinin artırılması üçün atılan addımlardan biridir”.

Yeganə Hacıyeva, İranın Qafanda konsulluq açmaq niyyətinin sadəcə iqtisadi səbəblərdən qaynaqlanmadığını da diqqətə çatdırıb:

“Lakin məsələnin mənəvi tərəfini də unutmaq olmaz. Belə ki, İranın Ermənistanla mənəvi bağları var. Rəsmi Tehran bunu heç bir zaman gizlətməyib, biz də aydın şəkildə görmüşük. Hər nə qədər bu problemlər aradan qalxsa belə, İranın istər 44 günlük müharibə ərəfəsində, istərsə də sonrakı dönəmdə Azərbaycana münasibətdə səmimi olduğunu söyləyə bilmərik. Son dönəmlərdə problemli məsələlər aradan qalxsa və sabitliyin bərpası istiqamətində mesajlar gəlsə belə, bəzi ümumi narahatlıqlar davam edir”.

Murad Əhmədov, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO