Xəbər verdiyimiz kimi, dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə çıxış edib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev çıxışı zamanı Şərq Tərəfdaşlığının VI Sammitində Ermənistan ilə Azərbaycan arasında konstruktiv mühitin hökm sürdüyünü qeyd edib, belə bir mühitin yaradılmasında Avropa İttifaqının rolunu xüsusi vurğulayıb.
Dövlətimizin başçısı bu imkanın əldən verilməməsi və yaranmış fürsətdən istifadə edərək regionda davamlı sülhün təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, əvvəlki illərdə Ermənistan rəhbərliyi adətən beynəlxalq tədbirlər zamanı Azərbaycana qarşı əsassız, ittiham xarakterli çıxışlar edirdi. Bu dəfə isə belə bir halın baş vermədiyini müsbət qiymətləndirən Prezident İlham Əliyev öz növbəsində Ermənistana qarşı bilavasitə fikir səsləndirmədiyini qeyd edib. Dövlətimizin başçısı deyib ki, bu, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün münbit zəminin yarandığını göstərir. Prezident İlham Əliyev deyib ki, biz gələcəyə baxmalıyıq.
İlham Əliyev, həmçinin ATƏT-in Minsk qrupunun roluna toxunaraq 28 il ərzində aparılan danışıqlarda hər hansı bir nəticənin hasil olmadığını diqqətə çatdırıb. Azərbaycanın ATƏT-in Minsk Qrupundan yeni geosiyasi reallığa uyğun cavab gözlədiyini bildirib. Deyib ki, bu xüsusda Azərbaycan tərəfi hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk Qrupu tərəfindən kömək göstərilə bilər.
Bizim.Media