İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya - "Stratcom 21" Sammitində iştirak edən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibə verib.
Bizim.Media xəbər verir ki, H.Hacıyev Azərbaycanın Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlamağa hazır olduğunu bildirib:
"Rusiya bu prosesdə məşvərətçi qismində çıxış etmək istəyini ifadə edib. Amma prosesin baş tutması və uğurlu alınması üçün Ermənistanın ciddi şəkildə düşünməsi və müsbət addımlar atmasına ehtiyac var", - Prezidentin köməkçisi qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Hikmət Hacıyev: "Bu, informasiya savaşında ən effektiv mübarizə üsulu idi”
H.Hacıyev mina xəritələrindən də danışıb. O qeyd edib ki, Ermənistanın basdırdığı minalar dinc insanların həyatına son qoyur:
"Təəssüf ki, bu gün də minalardan nə qədər insan ölür. Bu da Ermənistanın Azərbaycana qarşı vandalizminin, savaş siyasətinin davamı kimi qiymətləndirilə bilər. Minalar qəsdən basdırılıb və məqsəd günahsız insanların ölümünə səbəb olmaq, eləcə də öz evlərinə geri dönməsinə mane olmaqdır".
Prezidentin köməkçisi düşmənin son təxribatlarından da danışıb:
"Nə zaman ki müsbət dinamika baş verir, onlar hərbi və ya siyasi təxribat törədərək bunun qarşısını almağa çalışırlar. Azərbaycan Ermənistanın bütün bu təxribatlarının qarşısını alacaq və cavabını verəcək", - H.Hacıyev deyib.
Bizim.Media