“3+3”ün ilk iclası özünü doğrultdumu? – Moskvada verilən önəmli MESAJLAR

“3+3”ün ilk iclası özünü doğrultdumu? – Moskvada verilən önəmli MESAJLAR

Hazırda oxunan: “3+3”ün ilk iclası özünü doğrultdumu? – Moskvada verilən önəmli MESAJLAR

50161

Dekabrın 10-da Moskvada “3+3” regional məsləhətləşmələr mexanizminin Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində təsis iclası keçirilib.

İclas mətbuata qapalı şəraitdə keçirilsə də, sonradan rəsmilərin verdiyi açıqlamalar müzakirələrlə bağlı müəyyən təsəvvürlərin yaranmasına imkan verib.

Bundan əlavə, müzakirələrdə iştirak edən rəsmilərin səsləndirdiyi müsbət fikirlər iclasın uğurlu keçməsi ehtimallarını daha da artırıb.

MÖVZU İLƏ BAĞLI:

“3+3” formatında İLK GÖRÜŞ – Moskvada nələr müzakirəyə çıxarılacaq?


İlk olaraq onu qeyd edək ki, iştirakçı ölkələrin xarici işlər nazirlikləri tərəfindən yayılan bəyanatda müzakirəyə çıxarılan müddəalar öz əksini tapıb.

1. “İclasda regionda etimadın artırılması, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası, yenidən qurulması və genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafına yönəlik fikir mübadiləsi aparılıb”. Bu açıqlamada ilk diqqət çəkən məqamlar təbii ki, regionda etimadın artırılması və nəqliyyat əlaqələrinin bərpası məsələləridir. Sözügedən məsələlərin ilk müzakirələrdən sonra öz əksini tapması “3+3” mexanizminin gələcək fəaliyyətində iki məsələyə; ölkələr arasında normallaşma və regionda bütün tərəflər üçün faydalı olan Zəngəzur dəhlizi, eyni zamanda Şimal-Cənub marşrutunun bərpasının təmin olunmasına mühüm diqqət ayrılacağını deməyə əsas verir.

2. “Müzakirələr ildə ən azı iki dəfə olmaqla rotasiya əsasında iştirakçı ölkələrdə keçiriləcək”. Bu isə platformanın passiv mexanizm olmayacağından xəbər verir. Eyni zamanda bütün ölkələrin ardıcıl olaraq iclaslara ev sahibliyi etməsi hər bir üzvün “3+3”ün işində aktiv iştirak edəcəyinə işarə edir.

3. “Məsləhətləşmələr mexanizminin fəaliyyətinin inkişafından asılı olaraq, daha yüksək səviyyədə görüş və müzakirələr təşkil oluna bilər”. Bu fikirə istinadla onu deyə bilərik ki, tərəflərin yeni mexanizmdən gözləntiləri yüksəkdir. Gələcəkdə yeni format çərçivəsində digər nazirliklər, hətta hökumət başçıları səviyyəsində də görüşlərin keçirilməsi realdır.

4. Gürcüstanın gələcəkdə bu formata qoşulması bütün iştirakçılar tərəfindən təqdir edilib. Rusiya ilə olan anlaşmazlıqlar səbəbindən Kremllə heç bir platformada bir araya gəlməyən, hətta MDB-dən də ayrılan Gürcüstan bu dəfə də ənənəsinə sadiq qaldı. Lakin tərəflər Gürcüstan üçün qapıların hər zaman açıq olduğunu və müzakirələrlə bağlı Tiflisin də məlumatlandırılacağını qeyd ediblər. 

Haşiyə çıxaraq bildirək ki, bölgədə yerləşən dövlət kimi bütün qonşularının qatıldığı regional platformadan imtina etmək Gürcüstan üçün fayda gətirməyəcək. Buna baxmayaraq platformanın işinin uğurlu olması, gələcəkdə Gürcüstanı da fikrindən daşındıra bilər. 

Ümumilikdə isə, Azərbaycanın mərkəzi fiqur olduğu “3+3” platformasının ilk görüşünün keçirilməsini böyük uğur kimi qiymətləndirmək olar.

Çünki regionun əsas oyunçularını bir araya toplayan bir qurumun varlığı hər bir iştirakçı üçün vacib idi. İlk iclasa istinadən, platformanın hələlik verilən proqnozları doğrultduğunu söyləyə bilərik. Və bu istiqamətdən yola çıxaraq gələcək haqqında ehtimalları dəyərləndirsək, “3+3”ün Cənubi Qafqazda sabitliyin təmin edilməsi və iqtisadi əməkdaşlıqların inkişafında mühüm mexanizmə çevriləcəyini proqnozlaşdırmaq olar.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO