Noyabr təxribatlarında ASALA izləri – YENİ FAKTLAR - VİDEO

Noyabr təxribatlarında ASALA izləri – YENİ FAKTLAR - VİDEO

Hazırda oxunan: Noyabr təxribatlarında ASALA izləri – YENİ FAKTLAR - VİDEO

50052

Noyabrın ortalarında 7 hərbçimizin şəhid olması ilə nəticələnən erməni təxribatları ilə bağlı bir sıra gizlinlər aşkara çıxıb.

Bizim.Media xəbər verir ki, “Caliber” tərəfindən Azərbaycan ordusunun nəzarətə götürdüyü erməni postlarından birində aparılan çəkiliş zamanı erməni terror təşkilatı ASALA-nın emblemi tapılıb.

MÖVZU İLƏ BAĞLI:

Ermənistan terrorçuları necə hazırlayır ? FAKTLAR


Bu tapıntı, izləyicilər arasında geniş müzakirələrə səbəb olub.

Əvvəla onu qeyd edək ki, 44 günlük savaş dönəmində də erməni tərəfində terrorçu ünsürlərin mövcudluğu əsaslı sübutlara isbat olunmuşdu. Belə ki, təcrübəsiz ordusunun Azərbaycan hərbçiləri qarşısında aşkar gücsüzlüyünün və fərariliyinin labüd olması, eyni zamanda erməni revanşizmi ruhunda tərbiyə olunmuş terrorçuların Azərbaycana qarşı kini, çoxsaylı qanunsuz silahlıların Qarabağa toplanması ilə nəticələnmişdi.

Əslində, bu ünsürlər Birinci Qarabağ savaşında da aktiv şəkildə iştirak etmişdilər.

Dinc əhalini Kəlbəcərdən əliyalın, başıaçıq didərgin salan terrorçubaşı Monte Melkonyanın mənfur siması hələ də yaddaşlardan silinməyib. 30 illik işğal dönəmində isə, zəbt olunmuş torpaqlarımız ASALA-nın timsalında erməni terror qrupları üçün təlim poliqonuna çevrilmişdi.

Noyabrın 16-da ordumuz tərəfindən nəzarətə götürülən postda erməni milləyətçiliyi ideologiyasını təlqin edən qruplaşmanın simvollarının aşkara çıxarılması isə, son təxribatlarda ASALA izlərinin olduğunu sübuta yetirib.

Qeyd edək ki, Azərbaycana və türk millətinə qarşı radikal düşmən mövqeyində olan tək terrorçu qruplaşması ASALA deyil. Bu sıraya Ermənistandan aktiv şəkildə faəliyyət göstərən “VoMa” təşkilatı və “Sasna-tsrer” partiyasını da daxil edə bilərik.

Adları çəkilən qrupların revanşizm çağırışlarına şahid olmaq üçün isə, onlara məxsus sosial şəbəkə hesablarına və saytlara nəzər salmaq yetərlidir.

Hətta “VoMa” təşkilatı aktiv şəkildə, ermənilər üçün hərbi təlimlər təşkil edərək, savaşa hazırlıqlı olmağa dəvət edir. “Sasna-tsrer” lideri Jirar Səfilyan isə, mütəmadi olaraq, Azərbaycana qarşı revanşist çıxışları ilə xalqının nifrət duyğularını körükləməyə davam edir.

Bu cür təşkilatların ciddi siyasi və maliyyə dəstəyinin olduğu da bəllidir. “VoMa”nın rəsmi saytında xarici ölkələrdən gələn maddi vəsaitin miqdarı da açıq şəkildə təqdim olunub. Xüsusən də, xaricdən erməni diasporu və iş adamları aktiv şəkildə terrorçu qruplara yardımlarını davam etdirirlər. Eyni zamanda Ermənistanda yüksək çinli hərbçilər sırasında və siyasi çevrələrdə də ASALA-nın kadrlarının olduğu istisna deyil.

Yəni, Paşinyan hər nə qədər orduda üst mövqelərə öz yaxınlarını gətirməyə çalışsa da, ordudakı terrorçu ünsürləri kökündən təmizləmək mümkün olmayıb.

Heç mümkün olacaq kimi də görünmür. Çünki ASALA ideoloqları erməni diasporunun əlinin güclü olduğu ölkələrdə fəaliyyətlərini davam etdirir və Ermənistandakı soydaşları arasında ideya-təbliğat işlərini aparmağı dayandırmırlar.

Son olaraq isə, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistana tələbini xatırlatmaqda fayda var.

Belə ki, Məhkəmə Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görməsinə dair qərar qəbul edib. Belə olan halda isə, ASALA, “VoMa” və “Sasna-tsrer” kimi terrorçu ünsürlərin fəaliyyətinə son vermək Ermənistanın vəzifəsi olduğu beynəlxalq hüquqla təsdiqlənir.

Buna görə də, Azərbaycan tərəfi Ermənistan qarşısında beynəlxalq hüququn müddəlarına riayət etmək tələbi qoymalı və İrəvan buna tez bir zamanda əməl etməlidir. Əks təqdirdə, növbəti təxribatların cavabı Ermənistan üçün faciəvi olacaq...

Murad Əhmədov, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO