Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsinə həsr olunan Zəfər paradının keçirilməsindən 1 il ötür.
Bizim.Media xatırladır ki, 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradına Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan qatılıblar.
Paradda 3 000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olunub. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradda çıxış ediblər.
Xatırladaq ki, sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla 44 gün ərzində bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib.
Bizim.Media