“Bütün beynəlxalq təşkilatlar Qarabağda baş verən hadisələr, Ermənistanın işğalçı siyasəti və eyni zamanda zəbt etdiyi Azərbaycan ərazilərində törətdiyi vandalizm aktlarını dilə gətirməsələr də, artıq reallığı görürlər. Yəni dünya İrəvanın cinayətkar fəaliyyətlərini dərk edib”
Bunları Bizim.Media-ya özəl açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Haaqa Məhkəməsinin Azərbaycanın şikayətinə uyğun olaraq dekabrın 7-də çıxardığı qərarı şərh edərkən deyib.
O, bildirib ki, “artıq bütün dünya Qarabağın Azərbaycan olmasını qəbul edib və ona görə də Ermənistanın yalançı hay-küylərinə fikir vermirlər. Bu isə Azərbaycan diplomatiyasının uğurlarından biridir”.
MÖVZU İLƏ BAĞLI:
“Ərdoğan Qarabağdan Paşinyana dəstək mesajı yollayıb” – Çingiz Qənizadədən ÖZƏL
Müsahibimiz məsələyə başqa formatdan da baxıb. Belə ki, Ermənistanın ictimai-siyasi həyatında çətin günlər yaşanmaqdadır. Paşinyan və onun komandası sülh naminə 9 noyabr bəyanatının şərtlərinə əməl etməyə məcbur qalıblar.
Soçi görüşündən sonra bu, daha aydın görünməyə başlayıb. Çingiz Qənizadə sərhədlərin delimitasiya və demarkasiya, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlərə də toxunub.
Bütün bunlar isə həm də Böyük Sülh Sazişinə hazırlıqdır. Amma revanşist və müxalifətçi qüvvələr bu prosesə qarşı çıxaraq ölkədəki ictimai-siyasi prosesləri pozmaqla Ermənistan hakimiyyətini bu addımlardan çəkinməyə vadar edirlər:
“Beynəlxalq Ədalət Məhkəməsinin qərarı isə Paşinyan və onun komandasına imkan verəcək ki, əlində bunu əsas götürərək revanşist qüvvələrə qarşı hansısa bir formada mübarizə yolu tapsın. Bu qərar İrəvan hökuməti tərəfindən erməni revanşistlərə qarşı təzyiq vasitəsi kimi istifadə olunacaq.
Məhkəmənin qərarından sonra Ermənistan tərəfi 9 noyabr (2020) üçtərəfli bəyanatının icrası və sülh prosesi istiqamətində daha cəsarətli addımlar atmağa məcbur qalacaq. Çünki Beynəlxalq Ədalət Məhkəməsinin qərarı dövlətlər üçün məcburidir.
Bundan başqa, Ermənistanın üzərinə qoyulan öhdəliklərdən biri də fərdi şəxslərin və ayrı-ayrı təşkilatlar tərərfindən azərbaycanlılara qarşı nifrət və kin üzərində fikirlərin yayılması, formalaşmasının qarşısının alınması ilə bağlıdır.
Qeyd edərdim ki, QHT olsa da, Azərbaycan “VoMa” təşkilatını Qarabağda separatçılara dəstək, eyni zamanda ermənilərin beyinlərini pozaraq azərbaycanlılara, türklərə kin və nifrət üstündə silahlı qruplaşmalar yaradan bir təşkilat kimi göstərib.
Qəbul olunan qərarda belə təşkilatların fəaliyyətinin də dayandırılması ilə bağlı maddənin olması həm də Paşinyanın əlində bir “rıçaq”dır”.
Belə ki, məhkəmə qərarı Nikol Paşinyan hökumətinə imkan verəcək ki, “VoMa” qəbildən olan digər revanşist müxalifət təmsilçiləri ilə faydalı mübarizə aparılsın.
Bizim.Media