Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Ədalət Məhkəməsinin qərarına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, qurumun yaydığı məlumatda deyilir:
"Məlum olduğu kimi, Azərbaycan Respublikası “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın Ermənistan tərəfindən pozulmasına görə Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanda azərbaycanlara qarşı irqi nifrəti təşviq edən halların qadağan edilməsi vəsatəti ilə müraciət edib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanın Haaqa məhkəməsində Azərbaycana qarşı bu iddiaları TƏMİN OLUNMADI
Təqdim edilmiş sənədlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hazırlanaraq müvafiq beynəlxalq təşkilatlara göndərilmiş hesabatlara da istinad olunmuşdur.
Məhkəmənin 2021-ci il oktyabrın 14-dən 19-dək olan dinləmələrindən sonra qəbul etdiyi qərarında əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görmək tapşırığı öz əksini tapıb.
Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq edilməsini qadağan edən müvəqqəti tədbirlərə dair 2021-ci il 7 dekabr tarixli qərarını insan hüquq və azadlıqlarının pozulması hallarının qarşısının alınması, regionda sülhün təmin edilməsi baxımından əhəmiyyətli hesab edirəm.
İnanırıq ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarının Ermənistan tərəfindən dərhal yerinə yetirilməsi üçün beynəlxalq hüquq çərçivəsində təsirli tədbirlər görüləcək".
Bizim.Media