Rusiya həm Ermənistanın, həm də Azərbaycanın dostu ola bilməz; siyasi riyakarlıqla müttəfiqlik bir araya sığmaz...
Bakı-Moskva münasibətlərində bəlli səbəbdən yaranan gərginlik fonunda son vaxtlar hər iki tərəfdən səslənən belə bəyanatların sayı artıb. Ancaq diqqətli siyasi təhlilçilər fərqindədir ki, bu qəbildən açıqlamaların arxasında səmimi niyyətlər dayanmır, sadəcə olaraq, acı gerçəyi cari maraqların diktəsi altında kamifulyaj eləmək, “qarışqanı fil kimi göstərmək” məramı gizlənir.
Yəni Azərbaycanın da, Rusiyanın da rəhbərliyi yaxşı anlayır ki, iki dövlət strateji müttəfiqlik səviyyəsində münasibətlərə malik deyil. Heç vaxt olmayıb da. Nədən ki, strateji tərəfdaşlıq ikitərəfli münasibətlərin ən yüksək, ən etibarlı forması sayılır ki, bunun üçün də şərtlər yetərli deyil.
“Stratejilik” dövlətlərin ən möhkəm dostluq bağlarıdır. Necə ki, məsələn, Azərbaycanla Türkiyə arasında belə əlaqələr mövcuddur. Necə ki, Avropa İttifaqı ölkələri arasında analoji bağlar var. Necə ki, NATO-ya üzv dövlətlər arasında strateji münasibətlər bərqərardır.
Strateji müttəfiqlik ən azından o deməkdir ki, tərəflərin bir-birinə qarşı hər hansı ciddi iddiası, iradı, qarşılıqlı çözülməyən problemi yoxdur; onlar bir-birinə ən yaxın, sirdaş ölkələrdir. Və xırda-para problemlər varsa belə, bu, dövlətlərin deyil, hakimiyyətlərin maraqlarından qaynaqlanır.
Azərbaycanla Rusiya arasında heç bir ciddi problemin olmadığını, hər şeyin yağ kimi getdiyini iddia eləmək mümkünmü? Əlbəttə, yox. Türkiyə hara, Rusiya hara, strateji dost-müttəfiqlik hara? Lap tutaq ki, rəsmilər deyən kimidir. Amma gedin paytaxtda mini-sorğu keçirib soruşun ki, “Rusiyanı Azərbaycana dost-müttəfiq ölkə sayırsızmı?” Əmin ola bilərsiniz, əksəriyyət “yox” deyəcək.
Əsas da o səbəbə ki, Azərbaycanın üçüncü on ildir həll olunmayan Dağlıq Qarabağ konfliktinin memarı da, onun ədalətli həllinə yeganə maneə də müstəsna olaraq Rusiya dövlətidir, rəsmi Kremldir. Amma siz hansı Moskva rəsmisini dindirsəniz, deyəcək, nə danışırsınız, Rusiya ixtilafın ədalətli şəkildə yoluna qoyulmasını istəyir, illərdir bu yöndə çalışır. Ancaq hamı bilir ki, bu, boğazdan yuxarı deyilmiş, qeyri-səmimi sözlərdir. Zira, Moskvanın istəyi səmimi olsa, doğrudan da bu yöndə səylər göstərsə, Qarabağ düyününü bir həftədə açar.
İndi qeyri-səmimiliklə, siyasi riyakarlıq və yalanla dost-müttəfiqlik, özü də strateji müttəfiqlik bir araya sığarmı? Sığmaz. Sığmır da. Yeri gəlmişkən, bəzi rəsmilər özləri də gerçəyin fərqindədir. Misal üçün, Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimzadə Rusiya xarici siyasət idarəsi rəhbəri Bakını tərk edəndən az sonra təxminən belə bir ifadə işlətmişdi ki, Moskva Qarabağ məsələsinin həllinə real dəstək verərsə, Azərbaycanla Rusiya arasında münasibətlər strateji tərəfdaşlıqdan da yuxarı qalxa bilər. Bu, diplomatik dildən tərcümədə iki ölkə münasibətlərinin strateji önəm daşımadığının kifayət qədər yüksək səviyyədə təsdiqidir.
Amma Ermənistan-Rusiya münasibətləri - əlbəttə ki, dostluğa və real strateji müttəfiqliyə əsaslanan əlaqələrdir. Moskva ilə İrəvan arasında regional və qlobal siyasətlə bağlı heç bir ciddi fikir ayrılığı yoxdur. Həm Rusiya, həm də onun forpostu Ermənistan əksər məsələlərdə (Dağlıq Qarabağ, Ukrayna böhranı, Gömrük İttifaqı, Avrasiya Birliyi, KTMT və s.) eyni və ya oxşar mövqedən çıxış edirlər. Nüfuzlu beynəlxalq təşkilatlarda səsvermə zamanı Moskva hansı düyməyə basırsa, İrəvan da barmağını ona tuşlayır - BMT Baş Məclisində bu ilin martında Ukrayna ilə bağlı qətnamənin əleyhinə səs verdikləri kimi.
***
Dostluq, müttəfiqlik, strateji tərəfdaşlıq belə olar. Yoxsa ki, onun imitasiyası... kimə, nəyə lazımdır bu və hansı siyasi-iqtisadi divident gətirə bilər belə imitasiya, görüntü?
Ümumiyyətlə, bir-biri ilə müharibə vəziyyətdə olan iki düşmən ölkənin ortaq strateji müttəfiqliyi istisnadır. Rusiya eyni vaxtda Azərbaycanla Ermənistanın dost-müttəfiqi ola bilməz. Məntiq qanunlarına görə, onlardan yalnız biri bu statusa uyğun gələ bilər. Hansı? Məlum məsələdir...
Musavat.com






























































































