Rusiya yenə “pomidorla vurdu”

Rusiya yenə “pomidorla vurdu”

Hazırda oxunan: Rusiya yenə “pomidorla vurdu”

4822

Kremilin “məhsul diplomatiyası” bu dəfə nədən qaynaqlanır?

Rusiya Azərbaycandan pomidor və alma idxalına 10 dekabr 2020-ci il tarixdən etibarən müvəqqəti məhdudiyyətlər qoyulmasına qərar verib. Qərara əsasən bu gündən etibarən Azərbaycan pamidor və almalarının Rusiyaya ixracı dayandırılıb.

“Rosselxoznadzor” tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə bu barədə xəbərdarlıq edilib. Səbəb kimi Azərbaycan məhsullarında şərq güvəsinin (Grapholita molesta (Busck) aşakarlandığı göstərilib.

Mülahizələrə görə, Rusiyanın belə bir qərar verməsinə səbəb Azərbaycanın Türkiyə ilə dostluğunun onu qıcıqlandırması, digərlərinə görə isə, bu həftə Bakıda keçiriləcək və məğlub Rusiya hərbi avadanlıqlarını nümayiş olunacağı Zəfər paradıdır.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Baş məsləhətçisi, politoloq İlyas Hüseynov da o fikirdədir. Bildirir ki, Rusiyanın bizim o ölkəyə ixrac etdiyimiz pomidorlara qadağa qoyması Kremlin işlənmiş praktikasıdır:

“Türkiyə-Rusiya münasibətlərində də oxşar hadisə baş vermişdi. Xatırlatmaq istərdim ki, Türkiyə Rusiyaya aid təyyarəni vurandan sonra ikitərəfli münasibətlərdə gərginlik yaranmışdı deyə, Türkiyədən Rusiyaya daxil olan pomidorlara embarqo qoyulmuşdu. Bunun nəticəsində iqtisadi əməkdaşlıq zəifləmişdi"

İlyas Hüseynov Azərbaycandan ixrac olunan pomidorlara qadağa qoyulmasının müəyyən suallar ortaya çıxardığını da vurğuladı:

"Bu, ikitərəfli münasibətlərə nə dərəcədə təsir göstərəcək? Qadağa nə ilə bağlıdır, embarqonun arxasında hansı səbəblər dayanır? Münasibətləri hardasa gərginləşdirən qadağadan sonra məlum oldu ki, Rusiya eyni hərəkəti Ermənistana qarşı da edib. Belə demək mümkündürsə, Rusiya bu addımı ilə bir balans yaratmaq istəyir. Pomidor diplomatiyası adlandırılan bir siyasəti bir az da incələşdirmiş olur. Bu da Rusiya kimi güclü bir dövləti “küsəyən uşaq” vəziyyətinə salmış olur".

Ümumiyyətlə, Rusiyada belə siyasi gedişlər tez-tez baş verir. İlyas Hüseynov əlavə etdi ki, "dondurma diplomatiyası"nı da ilk dəfə ruslar reallaşdırıb.

"Belə ki, Çin rəhbəri Si Cinpinin özünəməxsus dondurma sevgisi var. Bu səbəbdən Putin Si Cinpinlə hər dəfə görüşə gedəndə ölkəsində istehsal olunan dondurma çeşidlərini ona hədiyyə edir. Dondurma bir növ onları yaxınlaşdırır".

Politoloq əlavə etdi ki, bizim problemə gəlincə deyə bilərik ki, pomidor qadağası müəyyən bir dövrü əhatə edəcək. İlyas Hüseynov qadağanın çox çəkəcəyini düşünmür. Bu vaxt ərzində isə, Azərbaycanın daxilində pomidor bolluğu yaşanacaq ki, bu da xalqımıza bu tərəvəzi ucuz almaq şansı yaradacaq.

MÖVZU İLƏ BAĞLI:

Rusiyadan Azərbaycan məhsullarına embarqo qoyması ilə bağlı AÇIQLAMA

Rusiya Azərbaycan məhsullarına embarqo qoydu


Rusiyalı politoloq, Moskvadakı MDB ölkələri institutunun Qafqaz şöbəsinin rəhbəri Vladimir Yevseeyev xatırladır ki, Rusiya tərəfindən bu səpkidə bir zaman Belarusa qarşı da "süd məhsulları müharibəsi" elan edilmişdi. 

Bundan əvvəl isə, müxtəlif illərdə Rusiya Gürcüstandan şərab, meyvə və mineral su məhsuluna, Moldovadan şərab məhsuluna, Ukraynadan şokolad-konfet məhsuluna müxtəlif növ qadağalar qoyub. Və hər dəfə də bu qadağalar həmin ölkələrin Rusiya ilə münasibətlərinin gərgin dövrünə təsadüf edib.

Vladimir Yevseyev istisna etmir ki, Rusiya bu yolla Azərbaycanın xarici siyasətində nədənsə narazı olduğuna işarə edib: "Misal üşün, Moskva Azərbaycanın Türkiyə ilə həddən çox yaxınlaşmasından və regionda qüvvələr balansının dəyişə bilməsindən narahat ola bilər", o, BBC News Azərbaycancaya belə deyib.

Millət vəkili Razi Nurullayev isə deyir ki, hazırda bizim Rusiya ilə münasibətlərimiz, əməkdaşlığımız yüksək səviyyədədir. “Belə bir halda bu cür embarqoların siyasi motiv üzərində qoyulması inandırıcı deyil. Çox güman ki, bu həqiqətən də hansısa bir xəstəliyin qarşısını almaq üçündür” - deyə o, bildirib.

İqtisadçı-ekpert Vüqar Bayramov isə bildirir ki, bütün bunların arxasında nəyin dayanmasından asılı olmayaraq Rusiya bazarı Azərbaycan üçün önəmli ixrac nöqtəsidir:

“Buna görə də ölkəmizin Rusiyaya pomidor və alma ixracının təcili bərpası məsələsi üzərində işlənməlidir, danışıqlar intensivləşdirilməlidir”.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO