İran prezidenti ilə görüşdəki VACİB MƏQAMLAR – Azərbaycan nəyə nail oldu?

İran prezidenti ilə görüşdəki VACİB MƏQAMLAR – Azərbaycan nəyə nail oldu?

Hazırda oxunan: İran prezidenti ilə görüşdəki VACİB MƏQAMLAR – Azərbaycan nəyə nail oldu?

48217

Noyabrın 28-də Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci zirvə sammiti üzv ölkələrin dövlət başçılarının bir sıra görüşləri ilə yadda qaldı. 

Xüsusilə də, Azərbaycan Prezidenti İlham Əliyevin, iranlı həmkarı İbrahim Rəisi ilə müzakirələri daha çox diqqət çəkib. Bunun isə, bir sıra səbəbləri var:

1. İlham Əliyevlə İbrahim Rəisi arasında ilk görüş olması; 

2. Rəisinin hakimiyyəti dönəmində Azərbaycan-İran münasibətlərində baş verən dalğalanmalar;

3. Azərbaycan nümayəndə heyətinin ötən həftə İrana etdiyi rəsmi səfərdən sonra, ölkə liderlərinin gələcək əməkdaşlıqla bağlı hansı mövqeyi tutacaqlarının maraqla gözlənilməsi.

Sadalanan nüanslar fonunda baş tutan görüşün müsbət ab-havada keçdiyini söyləyə bilərik.

Belə ki, hər iki ölkə liderinin səsləndirdiyi fikirlər və mətbuata verdikləri açıqlamalar dostluq mesajları ilə zəngin idi.

Ekspertlərin görüş öncəsi İranın Zəngəzur dəhlizi və keçmiş Azərbaycan-Ermənistan konfliktinə hansı prizmadan yanaşacağı və Bakı-Tehran münasibətlərinin gələcək seyri ilə bağlı fikirləri birmənalı deyildi.

Lakin İbrahim Rəisi İlham Əliyevlə görüşdə keçmiş narazılıqların üzərindən birdəfəlik xətt çəkdi.

“Qarabağ məsələsinə münasibətdə İran İslam Respublikasının mövqeyi hər zaman birmənalı və şəffaf olub. İranda İslam inqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurlarının hamısının mövqeyi bundan ibarət idi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır”, - deyə görüş zamanı qeyd edən Rəisinin bu fikirlərini iki aspektdən şərh edə bilərik:

1. İran Qarabağın Azərbaycan ərazisi olduğunu hər zaman qəbul edib.

2. Gorus-Qafan yolunda 2 iranlı sürücünün ifasında baş verən qanunazidd hərəkətə görə İran hökuməti cavabdehlik daşımır.

Ölkə liderlərinin görüşündə digər yadda qalan nüans isə, Zəngəzur dəhlizi məsələsinin müzakirəyə çıxarılmasıdır.

Xatırladaq ki, bu ilin sentyabrında tərəflər arasında yaranan gərginliyə əsas səbəblərdən biri kimi əksər siyasi şərhçilər məhz Zəngəzur dəhlizinin açılmasının İranın maraqlarına uyğun olmamasında görürdü. Lakin tərəflər arasında problemli vəziyyət o qədər də uzun çəkmədi. 

Ötən həftə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfərindən sonra isə, Bakı-Tehran münasibətləri yeni mərhələyə qədəm qoydu. Xüsusilə də, İranın Avropaya çıxış imkanlarını təmin etmək üçün mühüm əhəmiyyət kəsb edən Şimal-Cənub nəqliyyat dəhlizi ətrafında gedən uğurlu müzakirələr və enerji sahəsində əməkdaşlıq məsələləri Azərbaycan-İran münasibətlərini yenidən dostluq və iqtisadi tərəfdaşlıq səvviyyəsinə qaytardı.

Prezidentlərin görüşü isə, tərəflər arasında heç bir narahatlıq doğuracaq məsələnin qalmadığını bir daha sübuta yetirdi.

Xüsusilə də, Türkmənistan, İran və Azərbaycan arasında qaz nəqli ilə bağlı sazişin imzalanması Bakı-Tehran münasibətlərinin uğurlu axarına qayıtdığını sübuta yetirdi. Bundan əlavə, Azərbaycan-İran münasibətlərinin gələcək seyri də arıtq aydın şəkildə proqnozlaşdırıla bilir.

Belə ki, Prezident İlham Əliyev İbrahim Rəisi ilə görüşün ardınca, mətbuata verdiyi açıqlamasında İranla münasibətlərin bundan sonra yüksələn xəttlə inkişaf edəcəyini diqqətə çatdırdı.

Bu isə, həm tərəflər, həm də region üçün müsbət hal kimi qiymətləndirilməlidir. Çünki iqtisadi potensialı və siyasi gücü baxımından regionun ən önəmli aktorlarından olan İran və Azərbaycan arasında əməkdaşlığın yüksələn xəttlə inkişaf etməsi hər iki tərəfə yalnız fayda gətirəcək.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO