26 noyabrda Soçidə keçirilməsi planlaşdırılan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü öncəsi regionda əsas diqqətlər məhz bu hadisəyə yönəlib. Xüsusilə də, Ermənistan tərəfində ciddi qarışıqlığının olduğu müşahidə olunmaqdadır.
Görüşöncəsi canfəşanlığı ilə əsas diqqət çəkən şəxs isə Ermənistan Baş naziri Nikol Paşinyandır.
Belə ki, noyabrın 23-də jurnalistlərin suallarını cavablandıran Paşinyan regionda kommunikasiyaların açılması məsələsində birmənalı qarşılanmayacaq fikirlərilə seçilib.
Ələxsus da, Nikolun “heç bir dəhlizdən söhbət gedə bilməz” açıqlaması ciddi müzakirələrə səbəb olub.
MÖVZU İLƏ BAĞLI:
Soçi görüşündən əvvəl erməni deputatlar parlamentdə bir araya gələcək – DETALLAR AÇIQLANACAQ
Məsələ ilə bağlı mütəxəssislərin fikirləri isə xeyli maraq doğurub. Belə ki, “İctimai TV”yə qonaq olan Beynəlxalq Münasibətlərin təhlili mərkəzinin idarə heyətinin üzvü Gülşən Paşayeva, politoloqlar Zaur Məmmədov və Fərhad Məmmədov və millət vəkili Hikmət Babaoğlu Paşinyanın “dəhlizdən qaçmasını” şərh ediblər.
Gülşən Paşayeva 11 yanvarda kommunikasiyaların açılması üçün komissiyanın yaradılması barədə razılıq əldə olunduğunu qeyd edib.
Gülşən Paşayevanın fikrincə, Averçukun eyni gündə Bakıya, sonra isə İrəvana səfər etməsinin başlıca səbəbi də məhz regionda kommunikasiyaların açılması məsələsidir.
Ekspert 10 noyabr bəyanatının mətnindəki maraqlı bir nüansa da toxunub:
“Əgər 10 noyabr bəyanatına nəzər salsaq, orada eksteretoriallıq məsələsinin qeyd olunmadığını görə bilərik. Bu səbəbdən də məsələ ilə bağlı yeni yanaşmaya ehtiyac duyulur. Orada giriş-çıxışın maneəsiz olması detalı öz əksini tapıb. Maneəsiz giriş-çıxış isə eksteretoriallıq deməkdir. Deməli bu bizim hüququmuzdur”.
Politoloq Zaur Məmmədov isə, Paşinyanın koridor sözündən imtina etdiyini bildirib. Politoloq, yeni yaradılacaq kommunikasiya xətləri ilə bağlı “maneəsiz giriş-çıxışın təmin olunması” nüansını xüsusilə qabardıb:
“Laçın dəhlizi ilə bağlı vəziyyət Zəngəzurdan fərqlidir. Belə ki, orada maneəsiz giriş-çıxışın təmin olunması məsələsi öz əksini tapmayıb. Azərbaycan yalnız ermənilərin Qarabağın dağlıq hissəsinə gediş-gəlişinin təhlükəsizliyini təmin edir. Zəngəzur məsələsinə gəlincə isə, maneəsiz o deməkdir ki, orada Ermənistan tərəfi nə gömrük nə də sərhəd postları qura bilməz. Bu səbəbdən də heç kim həmin yollarla hərəkət edən nəqliyyat vasitələrini və ya piyadaları saxlaya bilməz”.
Politoloq Fərhad Məmmədov isə, bəyanatın mətnindəki digər önəmli detala istinadən Paşinyanın açıqlamalarını saf-çürük edib:
“Bəyanatda qeyd olunub ki, kommunikasiya xətlərinə nəzarət funksiyasını Rusiya sərhədçiləri yerinə yetirəcək. Eyni zamanda Sünik vilayətində dəmiryolu xətləri yoxdur. Ermənistan ərazisindəki dəmiryolları əsasən ölkənin mərkəzi və şimalındadır. Avtomobil yolu isə Azərbaycan ərazisindən keçəcək şəkildə inşa olunub. Yalnız bir dəmiryolu var (İranla sərhəd boyu) və orada da rus sərhəçiləri dayanıb. Paşinyan avtomobil yolunun Zabux-Biçənək istiqamətində salınmasını istəyir. Belə olan halda isə, gərək cənubda yerləşdirilmiş rus hərbçilər Ermənistanın mərkəzi ilə postlar qursunlar. Məntiqi cəhətdən bu bütün Ermənistanın faktiki olaraq Rusiyanın müdafiə zonasına çevrilməsi deməkdir. Ona görə də Paşinyanın açıqlamaları yalnız prosesi uzatmağa yönəlib. Məntiqi olaraq, dəmiryolu Mehridən keçəcək və bu da Zəngəzur dəhlizi deməkdir”.
Millət vəkili Hikmət Babaoğlu isə, Paşinyanın qeyd etdiyi 4 marşrut variantından danışıb.
Depuat Paşinyanın daha çox qabartdığı istiqamət olan Zabux aşırımından keçən yolun yükdaşımaları üçün əlverişli olmadığını bildirib.
Hikmət Babaoğlunun fikrincə, Paşinyan bu cür açıqlamalar verməklə iki məqsəd güdür:
1. Paşinyan hələ də nələrəsə ümid edir. Dəhliz statusu məsələsini manipulyasiya edə bilərsə daha çox dividentlər əldə edə bilər. Belə ki, Paşinyan əsas olaraq kommunikasiyalardan istifadəyə görə Azərbaycandan ödəniş əldə etmək istəyir.
2. Əgər 1-ci variant baş verməzsə, Paşinyan iddia edir ki, müəyyən maneələr yaradıla və dəhliz statusundan imtina edilə bilər.
Ekspertlərin fikirlərini ümumiləşdirdikdə isə, aşağıdakı nəticələrə gəlmək mümkündür:
1. Paşinyanın açıqlamaları üçtərəfli bəyanatlara uyğun deyil.
2. Kommunikasiyaların açılması üçün ən uyğun marşrut Zəngəzur ərazisindən keçən istiqamətdir.
3. Paşinyanın bəyanatlarının əsas səbəbi prosesi uzatmaq və müəyyən dividentlər əldə etməkdir.
Amma İrəvan və ermənilər unudur ki, 44 günlük müharibədə uduzan Ermənistan artıq dalana dirənib.
Murad Əhmədov, Bizim.Media