İranın “QIRMIZI XƏTTİ” – Tehran “sərhəd-sərhəd” deyərək nədən qorxur?

İranın “QIRMIZI XƏTTİ” – Tehran “sərhəd-sərhəd” deyərək nədən qorxur?

Hazırda oxunan: İranın “QIRMIZI XƏTTİ” – Tehran “sərhəd-sərhəd” deyərək nədən qorxur?

46487

Ermənistanla sərhədin Laçın və Kəlbəcər rayonları istiqamətində gərginliyin lokal toqquşmalara çevrilməsindən sonra, daha dəqiq desək, noyabrın 16-da İran Prezidenti İbrahim Rəisi və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. 

Kremlin rəsmi saytının yaydığı məlumata görə, görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sərhədində hökm sürən gərgin situasiya haqqında da fikirlərini bölüşüblər. Belə ki, Putin görüş zamanı sülhməramlıların Qarabağdakı fəaliyyətini ön plana çıxarsa da, Rəisinin mesajları daha çox diqqət çəkib. İran lideri Cənubi Qafqazda baş verənlərə işarə edərək bildirib ki, region ölkələrinin sərhədlərində dəyişikliklər qəbuledilməzdir.
 

MÖVZU İLƏ BAĞLI:

İranın Azərbaycandakı “molla şəbəkəsi” - Onlar KİMDİR? 


Ümumilikdə isə, görüş zamanı Rəisinin fikirlərinin daha çox diqqəti cəlb etməsinin iki səbəbi var:

1. Sərhədlərin toxunulmazlığı məsələsi məhz Azərbaycan-Ermənistan gərginliyinin alovlandığı gündə qabardılıb. 

Qeyd edək ki, İran tərəfi daha əvvəl də bir neçə dəfə sərhədlərin toxunulmazlığı məsələsini qabardıq. Xüsusilə də, bu ilin mayında Qaragöl ətrafında Azərbaycanın öz sərhədlərini möhkəmləndirməsi prosesinə İran oxşar reaksiyanı nümayiş etdirmişdi. Daha sonra isə İran tərəfi sərt şəkildə Gorus-Qafan yolunda Azərbaycanın gömrük postları qurmasından sonra öz mövqeyini ortaya qoymuşdu. İndi isə belə...

2.  Rəisi bu fikirləri ilə sərhəddə baş verən hadisələrə İranın hansı mövqedən yanaşdığını nümayiş etdirib. 

Məlumdur ki, baş verən gərginliklərdən sonra Azərbaycan hərbçiləri iki erməni postunu nəzarətə götürüb. Belə olan halda isə, Rəisinin məhz Ermənistanın sərhədlərinin toxunulmazlığının qeydinə qaldığı aydın şəkildə görünür. Çünki təxribat Ermənistan tərəfindən törədilsə də, Azərbaycan silahlı bölmələri nəzarət etdiyi mövqelərdən bir addım belə geri atmayıb.

İran prezidenti təhdid dilindən niyə imtina etdi?

Qeyd olunanlara rəğmən Rəisinin ritorikasındakı yumşalma da diqqətdən yayınmır. Belə ki, Gorus-Qafan yolundakı hadisələr zamanı Azərbaycanla təhdid dili ilə danışan və Şərqi Zəngəzurun sərhədlərinə qoşun yeritməkdən çəkinməyən İran indi sadəcə telefon danışığında Putinə narahatlığını çatdırmaqla yetinib.

Rəisinin bu cür yumşalmasının əsas səbəbi isə, Azərbaycanın əvvəlki hadisələrdə İranın cavabını sərt şəkildə verərək, öz qəti mövqeyini aydın şəkildə ortaya qoymasıdır.

Ümumilikdə isə, Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr fonunda regionda maraqları toqquşan bir sıra böyük güclərin mövqeyi müzakirə olunsa da, İran artıq həmin aktorların siyahısında deyil. Ona görə ki, rəsmi Terhan Bakının sərt mövqeyi qarşısında öz sərt ritorikasından imtina etməklə, ciddi təzyiq mexanizmlərinə malik olmadığını nümayiş etdirdi. Bu səbəbdən də, Rəisinin bu mesajını hazırki vəziyyətdə İranın sadəcə Ermənistanla iqtisadi əməkdaşlığını davam etdirmək niyyətinin təzahürü kimi xarakterizə edə bilərik.
 

Bütün bunlardan sonra daha bir fakt var ki, onu da görməzdən gəlmək olmaz. İran “region dövlətlərinin sərhəd məsələsi” dedikdə özü üşün ən vacib olan iki məsələni nəzərdə tutur.


Birincisi, əgər Ermənistan Azərbaycanla sülh danışıqlarına getməzsə, onu sülhə məcbur etmək üçün seçiləcək hərb yolu İrəvanın Zəngəzur ərazisini itirməsi ilə sonuclana bilər. Bu Ermənistana qarşı qaldırılacaq təzminat davasında da müzakirə mövzusudur. Bu isə İranın Ermənistanla əlaqələrini zəiflədərək ona bir başa çıxış imkanlarını məhdudlaşdıracaq. Bununla da İran Şimala doğru hərəkətində Azərbaycanın icazəsi olmadan keçid edə bilməyəcək.

İkincisi isə ərazilərini bərpa edərək öz suveren hquqlarını bərpa edən Azərbaycan Ermənistandakı tarixi torpaqlarına qayıtsa, yüksək əhval ruhiyyə ilə bərabər, presedent yaranmış olacaq.

Yəni tarixi ərazilərin bərpasına əlavə iddialar sərgilənə bilər. İran da daxilində belə istəklərin yaranmasından çox narahatdır. Onsuz da sanksiyalarla iqtisadi cəhətddən çökdürülmüş bir ölkənin əlavə problemləri də həll etməyə gücü qalmayacaq. Məhz bu baxımdan İranın qırmızı xətti sərhəd məsələsi olaraq qalır və bütün yüksək səviyyəli görüşlərdə İran rəsmiləri “sərhəd toxunulmzalığı” ifadəsini təkrar-təkrar işlədirlər.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO