Rəsul Quliyev iqtidara səsləndi

Rəsul Quliyev iqtidara səsləndi

Hazırda oxunan: Rəsul Quliyev iqtidara səsləndi

45226
Amerikada mühacir həyatı yaşayan eks- spiker Rəsul Quliyev Moderator.az-a göndərdiyi bu dəfəki təhlilində Putinin izaholunmaz avantürasının mümkün nəticələrindən tutmuş Azərbaycanı gözləyən təhlükə və atılması zəruri olan addımlaradək bir çox məqamlara toxunulub, ənənəsini pozmayaraq müxalifətin ünvanına yenə də ittihamlar səsləndirməyi də unutmayıb:

“Prezident Putin 9 mayda Ukraynanın Sevastopol şəhərində qələbə paradı keçirməyə hazırlaşır. Bu adamın psixikasında fundamental dəyişmənin baş verməsi göz qabağındadır və o gündən- günə reallıqdan uzaqlaşır.
  O nə cəmi 70 il bundan öncə baş vermiş hadisələri səthi nəzərdən keçirmək, nə də Rusiyanın gələcək taleyinin fəlakətli nəticələrini görmək istəmir.
  Keçmişə səthi ekskursiya etmək istəsəydi Hitlerin Avstriya və Çexslovakiyanı işğal etdikdən sonra keçirdiyi qələbə paradlarının videolentlərinə baxardı. Hitlerin militarizm xəstəliyinə düçar etdiyi böyük Alman xalqının necə ekstaza gəldiyini görərdi.Və ardınca 1945-ci ildə xarabarazarlığa çevrilmiş,insanlarının dilənçiyə çevrildiyi Almaniyanın acınacaqlı vəziyyətini də görərdi...
 O çox təhlükəli adama çevrilib. Qərbin izolyasiyası nəticəsində onsuz da acınacaqlı həyat yaşayan rusların yaşayış səviyyəsinin dəfələrlə ağırlaşacağını görməmək (nəzərə alınsa ki, ətrafında söz deyə biləcək Kudrin, Gref, Nabubulina və sair beynəlxalq səviyyəli ekonomistlər var) xüsusi istedad tələb edir. Və Putin daxilində 18 əsr 1-ci Pyotra, 19-cu əsr Bismarka,20-ci əsr Hitler və Stalinə transformasiya edib. Onun son hərəkətlərini başqa cür başa düşmək mümkün deyil.RF-nın 1994-cü ildə Ukraynanın ərazi bütövlüyü sənədinə qarant dövlət kimi imza atmasını qoyuram bir qırağa, 18 apreldə İsveçrədə imzaladığı memoranduma məhəl qoymaması, əksinə, kobud şəkildə öz imzasına məhəl qoymaması normal düşüncənin olmasına dəlalət etmir.Çox ehtimal Hitler və Stalinin imzaladıqları müqaviləri daim pozmalarını Putin özünə örnək götürüb.
 Nüvə silahı derjavası olan  ölkənin başında belə bir dəlisov, balanssız  adamın olması, militarizm ideyalarının  əhalisinin əksəriyyətinin dəstəklədiyi mühitdə dünyanın fəlakətin astanasında olduğunu anlamamaq mümkün deyil. Həyat səviyyəsi aşağı olan xalqın daha çox agressiv, müharibəyə meylli olması təbiidir, çünki onun zəngin həyat keçirənlər kimi itirəcəyi bir şey yoxdur. Yeganə ümid onun ətrafında olanların ekstremal vəziyyətdə düzgün pozisiya tutacaqlarına inanmaqda qalır.
 Ancaq Putinin aqressiyasının sərhədlərinin genişləndirəcəyi təhlükəsi realdır və ona hazır olmaq lazımdır. Onun bu işi görmək üçün hazırlıq apardığını görməmək mümkün deyil. 18-ci əsrdən Rusiya əhalisinin sayını ya kiçik qonşu ölkələri işğal etmək, ya da başqa ölkələrdən sürgün olunanları vətəndaşlığa qəbul etməklə artırıb. 14-cü əsrdə bu gün Rusiya adlandırılan ərazidə heç 50 min əhali olmayıb. Ancaq 18-ci əsrin əvvəlində 3-4 milyon, axırında isə 40 milyona yaxın əhali təbii artım yox, ancaq işğalçılıq siyasətinin nəticəsində baş verib.  21-ci əsrdə reallıqdan uzaq Putin peyda olub və Rusiyanın ənənəvi siyasətini(qonşu ölkələri işğal etmək,vətəndaşlarının sayını süni yolla artırmaq) yenidən həyata keçirmək istəyir.Ona görə keçmiş sovet respublikalarının vətəndaşlarına RF vətəndaşlığı təklif edir, məqsədi isə bu respublikaları başqa ad altında yenidən imperiyasının tərkibinə daxil etməkdir.
 RF bu gün Qazaxstan və Azərbaycanda istənilən vaxt aranı qarışdırıb bu respublikalara qoşun yeridə bilər. Gürcüstanda alacağı bir şey qalmayıb, həm də gürcülər öz müstəqilliyi uğrunda vuruşacaq. Ermənistan faktiki Rusiyanın bir quberniyasıdır, ancaq onlar da işğala qarşı vuruşacaqlar.Tarix də göstərir ki, 1920-ci ildə də Azərbaycan ruslara bir güllə atmadan belə təslim oldu. Ermənistan 6 ay, Gürcüstn isə bir il onlarla müharibə apardı,10 minlərlə insanlar azadlığı uğrunda həlak oldular.
 İndi də 1920-ci ilin aprelində olduğu kimi ölkəni mübarizəsisiz RF-na vermək istəyən kifayət qədər istər deputatlardan, istərsə də keçmiş və ya indiki nazirlərdən insanlar tapılar. 
 Qazaxstanın şimalı, Azərbaycanın isə həm şimalında, həm də cənubunda kifayət qədər aranı qarışdırmaq üçün şərait var. RF bu faktoru heç vaxt unutmayıb ,əksinə həmişə aktual olaraq saxlayır.
 RF belə bir aqressiv siyasətə başlasa Azərbaycanın daxili müqavimət potensialı demək olarki, yoxdur. Həm hökümətin, həmdə müxalifətin ümidi ancaq Qərbin buna imkan verməyəcəyi haqqında özlərinə verdikləri təskinlikdir. Gürcüstan, Ukrayna, Moldovada baş verənlər respublikanın gələcək taleyini ancaq bu ümid üzərində qurmağın necə təhlükəli olduğunu çılpaqlığı ilə göstərir. Biz başa düşməsək belə. Azərbaycanlıları gündə 600 min barrel neft eksportunun elə bir əhəmiyyət kəsb etmədiyini və Qərbin bu faktor əsasında Azərbaycanı müdafiə edəcəyinin utopiya olduğunu başa salmaq mümkün deyil. Azərbaycanlılar eşidiblər ki, ölkə neft və qazla zəngindir və Qərbin məqsədi bu sərvətləri mənimsəməkdir, ancaq bu zənginlik hansı rəqəmlərlə ifadə olunur və dünyada nə əhəmiyyət kəsb edir, bunu əksər insanlar bilmirlər və bilmək də istəmirlər. Azərbaycanlılar anlamaq istəmirlər ki, Səudiyə Ərəbistanının neft çıxarmasını 10 faiz artırması Azərbaycanın çıxardığı neftdən çoxdur və bu ölkə çox asanlıqla 30 faiz istehsalını artıra bilər. Prezident Obama Ukrayna krizisinə görə etdiyi birinci səfər də Səudiyə Ərəbistanına idi. Məqsəd 1980-cı illərdəki kimi bu ölkənin neft istehsalını artırmaq hesabına Rusiyanın neftindən asılılığı minimuma endirmək və iqtisadiyatının çökməsinə baza yaratmaq idi. Ancaq danışıqların uğurlu olması şübhə doğurur.
 Azərbaycanın daxili müqaviməti olmazsa Qərbin Azərbaycana dəstəyi deklarativ xarakter daşıyacaq. Putin 1991-ci il referendumunun nəticələrinidə qaldıracaq.
 Azərbaycanın daxili müqavimətini formalşdıran yeganə bir faktor mövcuddur və bu faktor universaldır, bütün ölkələrə aiddir. Bu faktor hakimiyyətin mənbəyinin xalqın olması faktorudur. Təəssüf ki, Azərbaycanda xalqın hakimiyyətin mənbəyi olması faktoru çoxdan unudulub, saxta seçkilərlə dəfn olunub, artıq sümükləri də erroziya olmaqdadır. 20 ildir həm hökümətdə, həm də müxalifətdə eyni adamlardır. Onlar özləri üçün, xalq da özü üçün separat şəkildə yaşayırlar. Müxalifətin bu günki özlərinin zorla siyasət adlandırdığı siyasətləri ilə onlar ölənə qədər müxalifətçiliyini edəcək, hökümət isə dinastiya hökümətçiliyini əbədi davam etdirəcək. Nəticə etibarı ilə qonşumuz istənilən vaxt Azərbaycan adlandırılan tikəni müqavimətsiz uda biləcək.
 Bunun qarşısını almağın yeganə yolu bu günki formalaşmış ictimai siyasi vəziyyətdə ancaq və ancaq hökümətdən asılıdır. Azərbaycanda müxalifət yoxdur. Öz üzvüləri və liderlərinin elementar hüquqlarını qoruya bilməyən, heç olmasa müqavimət imitasiyası yarada bilməyən insanların özlərini ölkənin müxalif qüvvəsi kimi təqdim etmələri sadəcə olaraq ayıbdır. Onları dəyəri olmayan material kimi yaddan çıxarmaq lazımdır.
 Hakimiyyətin mənbəyinin xalq olduğunu və ölkə daxilində xarici aqressorlara qarşı müqaviməti formalaşdırmağın açarı bu günki hökümət və onun liderinin əlindədir.
 Belə bir imicin real formalaşması üçün təcili real addımlar atmağa başlamaq lazımdır.İlk növbədə İsmaillı və Quba hadisələri ilə əlaqədar( həmcinin NİDA-çı  gənclərini ) həbs olunmuşları azad etmək lazımdır. Anar Məmmədli və Rauf Mirqədirovun “cinayət” işlərinə xitam vermək lazımdır. Rauf Mirqədirov istəsə belə dövlət sirlərini düşmən dövlətə ötürə bilməz, çünki o sadəcə olaraq o sirləri bilmir.Ermənilər Mirqədirovsuz Azərbaycan ordusunun vəziyyətini bütün detalları ilə Müdafiə Nazirliyinin bir çox çoxsaylı generalından yaxşı bilirlər.
 2015-ci il parlament seçkilərinin xalqın iradəsini əks etdirəcəyini élan etməklə yanaşı bu istiqamətdə real addımlar atmaq lazımdır. Birinci növbədə TV kanalları azad olmalıdırlar. TV ”“nin azad olması kiminsə kefi istəyəndə gəlib ekranlardan camaata istənilən boş şeyləri sayıqlamasına şərait yaratmaq demək deyil. Müəyyən bir mövzuda TV heyyətinin zəruri hesab etdiyi şəxsin iştirak etməsinə şərait yaratması deməkdir. Yəni müxtəlif düşüncələrin xalqa çatdırılmasına şərait yaradılması deməkdir. Ancaq bu işi TV idarə heyyəti,jurnalistlət müəyyənləşdirməlidir, hökümətdən hansı isə bir bürokrat yox.
 Azərbaycan bu gün ağır durğunluq dövründə yaşayır. Qəzetləri oxuyan yoxdur. Daha doğrusu, məişət məsələlərindən başqa. Hökümətin nümayəndələrinin və müxalifətdən olanların bu gün sabah və bir ildən sonra nə deyəcəkləri məlumdur.Bu təkrarlar müxalifət nümayəndələri üçün biliyin anası ola bilməyib və heç vaxt da olan deyil. Tutuquşunun təkrarları da onun savad hüdudlarını artıra bilmir... 
 Təəssüf ki, bu gün istənilən dəyişikliyin ancaq bir açarı var və o bir əldədir (hökümətin özü bu durğunluq şəraitini yaradıb. Heç kimin heç nə vecinə deyil, o cümlədən şimaldan gələn təhlükə) o da demokratik, azad seçkilərin keçrilməsidir hökümət bu tarixi şansından istifadə etməlidir.Əgər Azərbaycanın gələcəyinin onlar üçün dəyəri varsa bu addım atılmalıdır.”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO